İcra hakimiyyətinin işçiləri əsgərləri evlərinə çatdırdı

İcra hakimiyyətinin işçiləri əsgərləri evlərinə çatdırdı backend

Novruz bayramı ərəfəsində Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gedib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıblar. Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərləri təbrik edib.




Daha sonra Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşmənlə təmas xəttində xidmət edən əsgər və zabitlərin bayramını təbrik edib. Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant Ruslan Ağasıyev şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb. Sonra respublikamızın tanınmış incəsənət ustalarının döyüşçülərimiz üçün konsert proqramı təşkil olunub.

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib, Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub. Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Səbail RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıb.

Qeyd edək ki, cəbhə bölgəsindəki tədbirlə bərabər, Səbail rayonunun nümayəndələri rayon ilə sıx dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olublar.
Diaspora