Türkiyə Orta Asiya bazarlarına daha asan çıxış əldə etmək üçün plan hazırlayıb. Bunun üçün Rusiya və İranın nəqliyyat dəhlizlərindən asılılıq azaldılacaq. Həmçinin Xəzər dənizi üzərindən keçən dəhliz bu planın əsas hissələrindəndir. ANS-in məlumatına görə, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Mustafa Elitaş bildirib.
Musafa Elitaş deyib ki, Türkiyənin Nəqliyyat və Dənizçilik Nazirliyi Xəzər dənizi ilə yükdaşımanın sürətləndirməsi üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanla danışıqlar aparır.
“Hazırkı danışıqlarda və görüşlərdə gömrük sənədlərinin asanlaşdırılması, daşınma qiymətlərinin endirilməsi məsələləri müzakirə olunur. Xəzər dənizi dəhlizi ilə yükdaşımalar sürətləndirildiyi dövrdə gəliş-gediş xərcləri 2 min 900-3 min 300 dollar arasında idi. Amma daha sonra bu qiymət 700 dollar səviyyəsinə düşdü”,- nazir bildirib.
Nazir Rusiya ilə baş verən son hadisələrdən sonra Xəzər dənizi nəqliyyat dəhlizinin daha strateji mövqeyə sahib olduğunu deyib.