Bakı Marafonu 2016 şəhər üçün fantastik hadisədir.
Qaziler.az bildirir ki, bunu Trend-ə marafonda iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel deyib.Onun sözlərinə görə, marafon çox yaxşı təşkil olunub: Düşünürəm ki, onun marşrutu şəhərin ən gözəl hissəsi üzrə keçəcək. Bu, fantastik gün olacaq".
Q.Birrel qeyd edib ki, ola bilsin ki, BP-nin bir çox əməkdaşı marafonda iştirak etsin.
Marafonda hansı nəticələr göstərməyə ümid etməsi sualına isə o cavabında deyib ki, məsafənin yarısını iki saatdan az müddətə qaça bilsə, buna şad olacaq.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.
Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib.
Marafon saat 10:00-da başlayıb.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.