Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsi tələbələri arasında ənənəvi olaraq keçirilən "Mənim İmzam" yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
BDU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Bakı 2015 ilk Avropa Oyunları"na həsr olunmuş yazı müsabiqəsi BDU Jurnalistika fakültəsi tələbə-müəllim heyətinin təşkilatçılığı və Tələbə Həmkarlar Təşkilatının (THT) dəstəyi ilə keçirilib.Bu dəfə "Mənim İmzam" müsabiqəsinin mükafat fondu Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbasın şəxsi büdcəsindən təşkil olunub. Təltifetmə mərasimində Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, professorlar Cahangir Məmmədli, Nəsir Əhmədli, “Mənim İmzam” layihəsinin rəhbəri, dekan müavini Əli Hacıyev, fakültə üzrə THT nümayəndəsi Rəşid Mustafazadə və tələbələr iştirak edib.
Fakültə dekanı hər kəsi salamlayıb və müsabiqənin təşkilatçılarına minnətdarlığını ifadə edib. "Mənim İmzam" layihəsinin rəhbəri budəfəki müsabiqənin xüsusiyyətləri və qiymətləndirmənin meyarlarını diqqətə çatdırıb.
Prof. Cahangir Məmmədli "Mənim İmzam" müsabiqəsinin fakültədə canlanma yaratdığı və gənc jurnalistləri yaradıcılığa cəlb etdiyini bildirib.
Prof. Nəsir Əhmədli son zamanlar BDU Jurnalistika fakültəsi tələbələrinin beynəlxalq və ölkə səviyyəsində qazandığı uğurlardan söz açıb. THT nümayəndəsi Rəşid Mustafazadə "Bakı 2015 ilk Avropa Oyunlarına" həsr olunmuş yazı müsabiqəsinin yeni-yeni imzaları üzə çıxardığını və eyni zamanda gənc qələm sahiblərinin üzərində işləməli olduqları cəhətləri göstərdiyini bildirib.
Sonda I, II və III yerləsin sahibləri diplom və pul mükafatı ilə təltif olunub. Peşəkar münsiflərin verdiyi ballara əsasən, I yerə 2-ci kurs tələbəsi Ulucay Məmmədov, II yerə 2-ci kurs tələbəsi Nigar Məmmədova və 3-cü kurs tələbəsi Ofeliya Əl-Xoca, III yerə isə 4-cü kurs tələbəsi Nərgiz Əzizova və II kurs tələbəsi Nurlan Salamov layiq görülüb.
Xatırladaq ki, BDU Jurnalistika fakültəsində hər ay müxtəlif nominasiyalar üzrə fakültə daxilində müsabiqə elan olunur və müsabiqə müddəti ərzində peşəkarlar arasında səsvermə keçirilərək qalib müəyyən olunur.