AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZILER.AZ-a verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə artıq 8 ilə qədər müddətdə sıx əməkdaşlıq edən Tokio Universiteti aprel ayının 25-dən etibarən öz saytında (http://www.um.u-tokyo.ac.jp/exhibition/2016azerbaijan.html) may ayının 14-də Universitetin Muzeyində “Qafqaz neoliti” adlı elmi sərginin açılışı barədə anons yerləşdirmişdir.
Bildirişdə qeyd edilir ki, 2008-ci ildən etibarən Tokio Universitetinin xüsusi elmi qrupu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə Azərbaycan Respublikası ərazisində neolit dövrünün nadir abidələrinin axtarışı və arxeoloji tədqiqinə başlayıb. Göytəpə, Hacıələmxanlı, Menteş və d. neolit dövrü məskənlərində aparılmış arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş materialların dünyanın qabaqcıl texnologiyaları əsasında laborator analizləri göstərdi ki, Azərbaycanda 8500 il əvvəl artıq neolit kəndləri peyda olur, bitkilərin yetişdirilməsi və erkən əkinçilik təsərrüfatı mövcud idi. Eyni zamanda, Ön Asiyanın inkişaf etmiş neolit təsərrüfatı mərkəzləri ilə üzvü sosial əlaqələr və bu əlaqələrin intensivliyinin qısa iqlimi dəyişiliklərdən asılılığı da müəyyən edilib.Bildirişdə qeyd edilir ki, Cənubi Qafqazın neolitləşməsi problemi üzrə Azərbaycanda tədqiqatlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Yaponiyanın Elmi Tədqiqatlara Yardım Cəmiyyətinin (Japan Society for the Promotion of Science // JSPS) birgə maliyyəsi hesabına aparılmışdır.

Həmçinin, Tokio Universiteti məlum anonsda qeyd etmişdir ki, mayın 14-də Tokio Universitetinin Muzeyində “Qafqaz neoliti” mövzusunda açılacaq sərgidə Azərbaycanda aparılmış tədqiqatlar və Qafqaz neoliti barədə son nəticələrə həsr edilmiş elmi məruzələr dinləniləcək. Yaponiya elm nümayəndələri qarşısında Azərbaycan Respublikası tərəfindən elmi məruzələrlə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri Fərhad Quliyev və Səfər Aşurov, Yaponiya tərəfindən isə, Yoşihiro Nişiaki (Tokio Universiteti Muzeyi) və Seyci Kadovaki (Naqoya Universiteti Muzeyi) çıxış edəcəklər. Sərgidə Azərbaycanda aşkar edilmiş və neolit dövrünün dini baxışları, iqtisadi və sosial modeli, həmçinin, təsərrüfat bilikləri barədə təsəvvür yaradan nadir eksponatlar nümayiş etdiriləcək.