“Şuşaya azadlıq” beynəlxalq kampaniyasının loqo müsabiqəsi elan edilib

“Şuşaya azadlıq” beynəlxalq kampaniyasının loqo müsabiqəsi elan edilib backend

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ilə birgə “ŞUŞAYA AZADLIQ” beynəlxalq kampaniyasının loqosunun müəyyənləşdirilməsi məqsədilə beynəlxalq loqo müsabiqəsi elan edib.

APA-nın məlumatına görə, kampaniyanın koordinatoru Sənan Cəfərov kampaniya çərçivəsində görülən işlərdən danışaraq bildirib ki, bu işə 2013-cü ildən başlanılıb, iki ölkədə beynəlxalq konfranslar təşkil edilib. O qeyd edib ki, loqonun elan olunmasında məqsəd kampaniyaya beynəlxalq imic qazandırmaqdır: “2014-cü ildə isə “ŞUŞAYA AZADLIQ” tələbi ilə 22 dildə videoçarx hazırlanaraq, beynəlxalq ictimaiyyətə təqdim olunub. Bu istiqamətdə mədəni və kütləvi tədbirlərin bu il də təşkil olunması nəzərdə tutulur”.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli isə qeyd edib ki, loqo tarixi Azərbaycan şəhəri, Qarabağ xanlığının mərkəzi olmuş qədim Şuşa şəhərinin çoxəsrli və müxtəlif koloritli mədəniyyətini, zəngin mədəni irs abidələrini və milli arxitekturasını geniş ictimai maraq kəsb edəcək şəkildə tanıtmalı və təbliğ etməlidir: “Loqoda Şuşa şəhərinin işğal həqiqətləri, onun maddi-mədəni sərvətlərinin dağıdılmasına yönələn erməni vandal hərəkətlərinə etiraz, beynəlxalq dəstək, Şuşa üçün sülh və azadlıq çağırışları kimi məqamlar da öz əksini tapmalıdır. Müsabiqədə QHT-lər, yaradıcı təşkilatlar və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün yaş və təhsil məhdudiyyəti qoyulmur. Loqo əvvəllər yayımlanmamış olmalı, öncə yaradılmış loqolara və ya onların komponentlərinə tam uyğun gəlməməli və Konsepsiyaya uyğun onun məzmununu əks etdirməlidir. Orijinallığı yaradılmış ekspert komissiyası tərəfindən ən yüksək qiymətləndirilən loqo qalib loqo kimi seçiləcək və 28 aprel 2015-ci il tarixdə geniş ictimai təqdimatla elan ediləcək. Seçilmiş loqo “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosu statusunu alacaq və loqodan istifadə hüququ Şuraya və kampaniyaya məxsus olacaq”.

Bildirilib ki, hər bir iştirakçı maksimum 2 loqo versiyası təqdim edə bilər. İştirakçı hüquqi və fiziki şəxslər öz loqo təkliflərini xüsusi “müsabiqəyə qatılmaq üçün ərizə forması” ilə birgə 18 mart 2015-ci il tarixdən 12 aprel 2015-ci il tarixədək elektron poçtla ([email protected]), CD diskdə birbaşa və ya poçt vasitəsilə ADTGT-nin ofisinə (Bakı şəh., AZ 1070, Yeni Yasamal 2, ev 2, mən. 82) təqdim etməlidir.

Seçilmiş, qalib loqonun müəllifi Şura tərəfindən 2 000 AZN pul mükafatı və diplomla mükafatlandırılacaq.

A. Əsgərli əlavə edib ki, “Şuşaya Azadlıq” kampaniyasına beynəlxalq ictimai dəstək xarakterli yeni layihənin icrasına başlanılacaq və layihə çərçivəsində may ayında Azərbaycana 20-dən artıq xarici ölkənin QHT rəhbərlərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.
Diaspora