Azərbaycanda yağıntılı və küləkli hava şəraiti sabahdan etibarən mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında martın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 0-4 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Qeyd edək ki, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib.