“Təcili yardım həkimlərinə fiziki təzyiq edirlər“ - Baş həkim

“Təcili yardım həkimlərinə fiziki təzyiq edirlər“ - Baş həkim backend

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə həsr olunan mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən stansiyanın baş həkimi Rauf Nağıyev deyib ki, Stansiya günün 24 saatı Bakı şəhərinin bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərmək məqsədi ilə fəaliyyət göstərir.

R.Naǧıyevin sözlərinə görə, “103” xidmətinə gündəlik ortalama 2000-2300 çağırış daxil olur: "Bunlardan zəruri hallarda 200-ə yaxını hospitallaşdırılır. Müraciətlərin bəziləri təcili yardıma aid olmayan çağırışlardır. Buna baxmayaraq, bütün çağırışlar çeşidlənərək bölmələrin həkimlərinə ötürülür və icra edilir".

Baş həkim bildirib ki, gün ərzində stansiyanın 138 briqadası fəaliyyət göstərir: "Stansiyaya səbəbindən asılı olaraq daxil olan çağırışlar iki qrupa bölünür. Çox təcili çağırışlar qeydiyyata alındıqdan sonra 4 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülür. Bu təsnifata fövqəladə hallar, zərərçəkənlərin olduğu yol nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşayiət olunan səpkilər, yenidoğulmuşlarla əlaqəli çağırışlar və s. aiddir. Məsələn, əgər 250-ə yaxın çaǧırış daxil olarsa, 138 briqada hər birinə çata bilmədiyi üçün biz bu çaǧırışları çeşidləyirik.

Təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra, 60 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülməlidir. Bu çağırışlara arterial təzyiqin nəzərəçarpan dəyişiklikləri, allergiya, baş ağrısı, qarında, kürəkdə ağrı və s. çağırışlar aiddir".

Baş həkim onu da vurğulayıb ki, xəstələrin stasionarlara səmərəli paylanması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat və hospital işlərin təşkili üzrə şöbəsi xəstəxanalarda, doğum evlərində və digər müalicə profilaktika idarələrində olan boş yerlərə dair sistematik məlumat alaraq, müvafiq hesabat aparır: "Stansiyanın maddi-texniki təchizatını yaxşılaşdırması məqsədi ilə zəruri addımlar atılır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının istifadəsinə ən müasir ilk yardım tibbi avadanlıqları, o cümlədən, immobilizasiya şinaları, defibrilyator, süni tənəffüs aparatı, kardiomonitor və s. ilə təchiz olunmuş yeni sanitar avtomobillər təqdim edilib. Gündəlik olaraq təcili tibbi yardım avtomobilləri 200-ə yaxın dərman, sarǧı və digər tibbi avadanlıqlarla təchiz olunur".

O, həmçinin əlavə edib ki, bu gün stansiyanın avto parkında xüsusi nəqliyyat vasitələri var ki, bunlar 6 xəstəyə eyni zamanda yardım etmək, daşımaq qabiliyyətinə malikdir: "Bu maşınlardan fövqəladə və xüsusi hallarda istifadə olunur".

R. Naǧıyev həkimlərə əhali tərəfindən təzyiqlər göstərilməsi məsələsinə də xüsusi toxunub: "Bəzən əhali tərəfindən həkimlərə təzyiqlər olur. İnsanlar tibb müəssisələrinə vaxtında müraciət etmirlər. Orqanizmdə hansısa xəstəlik gizli formada gedərək ağırlaşır, bizə gecikmiş halda müraciət olunur. Bu da bəzi xəstələri ağır vəziyyətdən çıxarmağa həkimlərə mane olur. Nəticədə əhali tərəfindən belə hallar pis qarşılanır və həkimlərə qarşı hətta fiziki təzyiqlər də göstərilir. Bununla da həkimlərə olan münasibətdə mənfi rəy yaranır. Məsləhət görülür ki, insanlar vaxtaşırı tibb müəssisələrinə müraciət edərək orqanizmlərində gedən gizli prosesləri vaxtında aşkarlasınlar. Təcili yardımın da əsas iş prinsipi sırf ağır hallarda xəstəni bu vəziyyətdən çıxarmaqdan ibarətdir"- deyə baş həkim əlavə edib.