Nazirlik işçilərin 734 minini ödətdirdi

Nazirlik işçilərin 734 minini ödətdirdi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Xidmət tərəfindən vətəndaşların aidiyyəti müraciətlərinə əsasən, görülən tədbirlər nəticəsində 733876 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.


Qeyd olunan məbləğin 97 faizə qədərini gecikdirilmiş əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinətlər və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.

Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib.

Bununla yanaşı, yanvar-mart aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 12 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunaraq, onların yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.