QAZİLER.AZ saytı xəbər verir ki, “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri həbsdə olan Qarabağ qazisi Asif Yusiflinin azadlığa çıxması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətin bir surəti də Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayevə göndərilib. Müraciətdə deyilir:
“Hörmətli cənab Prezident!
Azərbaycan torpaqlarının müdafiəsi zamanı yaralanıb sağlamlığını itirən Qarabağ qazilərini öz ətrafında birləşdirən təşkilatlar olaraq dövlətimiz üçün ağır və şərəfli bir vaxtda - ordumuzun qəhrəman döyüşçülərinin aprelin əvvəlində işğalçı ermənilərə zərbələr vurduğu bir ərəfədə - Sizə müraciət edirik.
Xalqımızda ordumuza, dövlətimizə böyük inamın yarandığı, insanlarımızda ruh yüksəkliyinin artdığı bir məqamda ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 5 ay həbs cəzası verilən Qarabağ qazisi Asif Yusiflinin azad olunmasında Sizin köməyinizə ümid edirik!
Açığı, hələ keçən il məhkəmənin bu qərarından çox təəssüfləndik. Çünki məhkəmə qərar verərkən Asif Yusiflinin 1-ci qrup Qarabağ qazisi olmağını, himayəsində azyaşlı uşaqların olmasını, iddia edilən ittihamın cəmiyyət üçün elə də təhlükə törətmədiyini, eləcə də vətəndaşa dəymiş ziyanın da ödənildiyini nəzərə almayıb.
Onu da qeyd edək ki, onsuz da ağır yaralı olan Asif Yusiflinin sağlamlıq durumu həbsxana divarları arasında daha da pisləşib.
Bu və digər səbəblərdən vəkilləri Asif Yusifliyə verilmiş cəzanın ləğv edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edib.
Cənab Prezident!
Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində əsası hələ ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və tərəfinizdən uğurla davam etdirilən humanizm prinsiplərinə də sadiq qalaraq mütəmadi olaraq əfv fərmanları imzalamısınız. Onlarla keçmiş döyüşçü Sizin imzaladığınız əfv fərmanları ilə azadlığa çıxaraq öz ailəsinə qovuşub. Dövlət və şəxsən Sizin tərəfinizdən Qarabağ qazilərinə (əlillərinə), şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğını hər birimiz öz həyatımızda hiss edirik.
Biz Qarabağ qaziləri böyük ümidlə Asif Yusiflinin azadlığa çıxmasına köməklik edilməsi üçün Sizə müraciət edirik!
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı olaraq hamıdan Qarabağ qazilərinə qarşı diqqət və qayğı tələb etdiyiniz vaxtda Ali Məhkəmənin ondan əvvəlki instansiyaların qərarının ləğv edilməsi ilə Asif Yusfilinn azadlığa çıxmasına yardımçı olmağınızı xahiş edirik.
Allah köməyiniz olsun!”
Müraciəti “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov və “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov imzalayıb