“Səhiyyə Nazirliyi nikahdan əvvəl tibbi arayış verilən zaman müayinə olunacaq xəstəliklərin siyahısını Nazirlər Kabinetinə göndərib. Siyahıya diyar xəstəliyi olan hemofiliya, talassemiya daxil olmaqla, bəzi yoluxucu xəstəliklər salınıb. Sadəcə olaraq, siyahı Nazirlər Kabineti tərəfindən təsdiq olunmadığı üçün tam şəkildə onların adlarını açıqlaya bilmərik. Düşünürəm ki, bu günlərdə həmin xəstəliklərin siyahısı təsdiq olunacaq”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin müdir müavini Səkinə Qurbanova deyib.S. Qurbanovanın sözlərinə görə, tibbi arayış cütlüklərin nikaha daxil olmaq üçün müraciətlərindən sonra 2 həftə ərzində veriləcək: “Müraciət olunandan 2 həftə ərzində müayinə aparılmalı və tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərə təqdim olunmalıdır. Cütlüklər həkim müayinəsindən yerində keçəcəklər. Səhiyyə Nazirliyi tərəfindən tibbi arayışın verilmə müddəti 2 həftə, tibbi arayışın etibarlılıq müddəti isə 1 ay müəyyən olunub. Yenə deyirəm hər şey Nazirlər Kabinetinin qərarından asılı olacaq”.
S. Qurbanova hemofiliya, talassemiya və bəzi yoluxucu xəstəliklərin analizlərinin mərkəzləşdirilmiş şəkildə Bakı şəhərində aparılacağını da qeyd edib: “Məsələn, talassemiyanın daşıyıcılığını yoxlamaq üçün ən azı 2 həftə müddət lazımdır ki, analizin cavabını verək”.
Qeyd edək ki, 2014-cü ilin dekabrında prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqda qanunu təsdiqlədikdən sonra nikahdan əvvəl tibbi arayışın tələb olunması qanuniləşib. Qanun bu il iyunun 1-dən qüvvəyə minəcək.