Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub. Axar.az xəbər verir ki, təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev, millət vəkilləri Qənirə Paşayeva və Hadı Rəcəbli çıxış ediblər.
S.Müslümov bildirib ki, dövlət başçısının 14 iyul 2005-ci il tarixli sərəncamı ilə Milli Qəhrəmanlarımıza, onlardan şəhid olmuş şəxslərin ailə üzvlərinə Prezidenti təqaüdünün ödənilməsinə başlanılıb:
“Ötən dövrdə bu təqaüd artırılaraq 1000 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir istiqaməti də məhz Milli Qəhrəmanların tanıdılması və cəmiyyətdə geniş təbliğinə yönəlib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçirilir. Hazırda təqdim olunan “Milli Qəhrəmanlarımız” kitabı da nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir bəhrəsidir”.
Nazir hazırda Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun çox yüksək olduğunu diqqətə çatdırıb:
“Aprelin əvvəllərində Azərbaycan ordusunun təcavüzkar Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatının qarşısını uğurla alması, düşmənə layiqli cavab verməsi Ali Baş Komandan rəhbərliyi ilə Ordumuzun qüdrətini və işğal altında olan torpaqlarımızı istənilən vaxt azad etməyə qadir olduğumuzu sübut etdi”.

Nazir bildirib ki, kitabda Azərbaycanın Milli Qəhrəmanı şərəfli adına layiq görülmüş 211 nəfər həmvətənimiz haqqında məlumatlar, onlarla bağlı foto-materiallar toplu halında təqdim edilib.
Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatının sədri general-mayor Dadaş Rzayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə aparılan işlərin, habelə “Milli Qəhrəmanlarımız” kitabının nəşrinə dəstək verilməsinin təqdirəlayiq bir nümunə olduğunu diqqətə çatdırıb.
Q.Paşayeva Milli Qəhrəmanlarımız haqqında nəşr olunmuş kitabın Vətən, xalq, dövlət naminə yaşamaq və mübarizə aparmaq ruhunun daha da güclənməsində xüsusi rola malik olduğunu qeyd edib.
Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı isə öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə digər vətəndaş cəmiyyətləri ilə yanaşı, həmin təşkilatla da əməkdaşlığa önəm verməsindən razılığını ifadə edib.