Sürücülərlə bağlı yeni qaydalar qüvvəyə mindi

Sürücülərlə bağlı yeni qaydalar qüvvəyə mindi backend

Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ı təsdiq edib. Lent.az-ın məlumatına görə, qaydalar “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq qüvvəyə minib.

Qaydalar ölkədaxili avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin (bundan sonra - sürücü) iş və istirahət rejimini, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxslərin və fərdi sahibkarların (bundan sonra - daşıyıcı), sürücülərin hüquqlarını, vəzifələrini, həmçinin Azərbaycan Respublikasının ərazisində rəqəmsal taxoqrafla (bundan sonra - taxoqraf) təchiz olunmuş sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir.

Qaydaların şamil edildiyi avtonəqliyyat vasitələri 2016-cı il 1 iyul tarixindən rəqəmsal taxoqraflarla təchiz ediləcək.

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili məqsədi ilə aşağıdakı kateqoriyalara aid sərnişin və yük avtonəqliyyat vasitələrinin tipi təsdiq edilərək, ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir və yoxlamadan keçirilmiş taxoqrafla təchiz olunur:
1.3.1. sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar (M2 kateqoriyası);
1.3.2. sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olan avtobuslar (M3 kateqoriyası);
1.3.3. yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri (N2 kateqoriyası);
1.3.4. yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri (N3 kateqoriyası).


Şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını, daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən, icazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan nəqliyyat vasitələri, taksi minik avtomobilləri taxoqrafla təchiz edilmir.

Sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edilir və onların tətbiqinə ən azı bir ay qalmış sürücülərin nəzərinə çatdırılır. İş (növbəlilik) cədvəlləri gündəlik iş vaxtının başlanma və bitmə anını, müddətini, istirahət və qidalanma üçün fasilələrin vaxtını, gündəlik (növbələrarası) və həftəlik istirahət vaxtını müəyyən edir. İş (növbəlilik) cədvəli işəgötürən tərəfindən təsdiq edilir.


Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır.

Reysə iki sürücü göndərilərkən, sürücünün iş yerində olduğu, amma avtomobili idarə etmədiyi müddətin sürücünün iş vaxtına aid edilən hissəsi işəgötürən tərəfindən 50 faizdən az olmamaqla müəyyən edilir. İş vaxtından artıq vaxtda görülən işin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq hər saatı üçün əməkhaqqı ödənilir. Azərbaycan Respublikasının əmək qanunvericiliyində, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş hallar istisna olmaqla, iş vaxtından artıq vaxtda işə cəlb olunmağa yalnız sürücünün razılığı ilə yol verilir.