Millət vəkilinin hər iki təklifi dəstəkləndi

Millət vəkilinin hər iki təklifi dəstəkləndi backend

Qənirə Paşayevanın Pamukqala Universitetində Azərbaycan Mərkəzi təklifi dəstəklənib. Axar.az xəbər verir ki, millət vəkili universitetin rəhbərliyi və alimləri ilə görüşüb. Q.Paşayeva görüş zamanı Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Millət vəkili universitetdə Azərbaycan mərkəzinin açılması təklifi ilə çıxış edib. Eyni zamanda, o, mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən universitetə hədiyyə ediləcəyini bildirib.

Türkiyənin Dənizli bölgəsində mətbuat konfransı keçirməyə gedən millət vəkili həmçinin, bələdiyyə başçısı Osman Zolan ilə görüşüb. Deputatın Dənizlidə Qarabağ parkı və Şəhidlər abidəsi təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.

Dənizli bələdiyyə başqanı son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq Azərbaycanda vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.

“Azərbaycanın şəhidi bizim də şəhidimizdir”, - deyən bələdiyyə başqanı Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb və bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək davasında hər zaman yanında olacağıq.

Deputat sonda Dənizli bələdiyyə başqanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu “Qarabağ hekayələri” kitabını hədiyyə edib.