Azərbaycanda hələ də hərbi sahəyə aid dövlət sirri təşkil edən məlumatların yayılmasına yol verən kütləvi informasiya vasitələri, internet informasiya ehtiyatları var. Onlar bilməlidirlər ki, ölkə qanunvericiliyinə uyğun olaraq buna görə məsuliyyət daşıyırlar. Bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, 2014-cü ilin avqust ayında akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədən və keçən il sentyabrın 24-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamından sonra yerli kütləvi informasiya vasitələrində cəbhə xəttindəki vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması faktları xeyli azalıb.Buna baxmayaraq, V.Dərgahlı qeyd edib ki, aparılan monitorinqlər göstərir ki, belə məlumatlara az da olsa, hələ rast gəlinir: “Bu cür məlumatlara hələ də bəzi mətbuat orqanlarında, xüsusən də elektron KİV-lərdə rast gəlmək olar. Bəzən yerli mətbuatda hətta Ermənistan mediasına istinadən verilən məlumatlar yer alır. Düzdür, bu hallar xeyli azalıb. Lakin yenə də onlara müəyyən qədər rast gəlmək olur. Bu kimi məlumatlar düşmənin əlinə oynayır. Hansı dövlətdə ordu ilə bağlı məlumatlar bu qədər diqqət mərkəzindədir? Müdafiə Nazirliyi bu istiqamətdə şəffaf fəaliyyət göstərir və məlumatları açıqlığı ilə ictimaiyyətə çatdırır. Buna baxmayaraq, yenə də narazı qalanlar var”.
Polkovnik hərbi sirləri yayanların qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqlarını bildirib: “Hazırda dövlət sirrinin mühafizəsi ilə bağlı məsələlərə ciddi nəzarət edilir. Biz də bununla bağlı mütəmadi olaraq Mətbuat Şurası ilə əlaqə saxlayır, əməkdaşlıq edirik. Sevindirici haldır ki, yerli televiziyalarda hərbi sirrin yayılması ilə bağlı ümumiyyətlə neqativ hallara rast gəlinməyib. Bu hallara yol verənlər elektron KİV-lər, daha doğrusu, əsas hesab edilməyən, qeyri-populyar və qeyri-ciddi internet saytlarıdır. Buna baxmayaraq, onlara bir daha xəbərdarlıq edirik ki, Azərbaycanda dövlət sirrinin, o cümlədən hərbi sirrin yayılmasına yol verən KİV-lər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Xatırladaq ki, ötən il avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. PA-nın rəhbəri bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə də internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib.
Bununla əlaqədar Prezident İlham Əliyev 2014-cü il sentyabrın 24-də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzalayıb. Sərəncamda yer alan bir sıra məsələlərlə yanaşı, Müdafiə Nazirliyinə tapşırılıb ki, cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görsün, KİV-lərdə və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və “Dövlət sirri haqqında” Qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyənləşdirib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etsin.