Şəhidlərimiz torpağa tapşırılır

Şəhidlərimiz torpağa tapşırılır backend

MASALLI. Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 21 yaşlı Nurlan Bayram oğlu Əsgərovun cənazəsi doğulduğu Masallı rayonunun Kalinovka kəndinə gətirilib.


APA TV-nin cənub bürosunun məlumatına görə, dəfn mərasimində Nurlan Əsgərovun doğmaları ilə yanaşı, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb. Sonda onun xatirəsinə 3 dəfə yaylım atəşi açılıb, tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, şəhid Nurlan Əsgərovun qardaşı İntiqam da Azərbaycan Ordusunun hərbi qulluqçusudur və hər iki qardaş Tərtər rayonunda ön cəbhədə xidmət edirdi.

QƏBƏLƏ.
Azərbaycan Ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü leytenant Sahil Həsrət oğlu Şirinov aprelin 6-da doğulduğu Qəbələ rayonunda dəfn edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Tərtər rayonunda şəhid olan Sahil Şirinovun nəşi Qəbələ rayonunun Bum qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, şəhid leytenant Sahil Şirinovun nişan mərasimi olmuşdu və o, toy mərasiminə hazırlaşırdı.

ŞƏMKİR.
Düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan zabitimiz Vüqar Yusifov bu gün Şəmkirdə dəfn edilib.

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, 3 uşaq atası olan 40 yaşlı polkovnik Vüqar Yusifov doğulub boya-başa çatdığı Şiştəpə kəndində torpağa tapşırılıb.

Vüqar Yusifov Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəmkir rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları və minlərlə sakin şəhidi "Vətən sağ olsun!", "Şəhidlər ölməz Vətən bölünməz!" şüarı altında son mənzilə yola salıb.

Mərasimdə dövlət bayrağı şəhidin atasına təqdim olunub. Daha sonra dövlət himnimizin sədaları altında yaylım atəşi açılıb və şəhid zabitimiz torpağa tapşırılıb.