Müdafiə nazirinin əmri məsələni daha da aktuallaşdırıb; Xankəndini vurmaq imkanlarımız varmı? Müdafiə naziri Zakir Həsənov ermənilər tərəfindən işğal olunmuş Xankəndi və digər ərazilərimizə zərbələr endirilməsi barədə göstəriş verib. Nazirin göstərişindən sonra Xankəndini vurmaq imkanlarımızın olub-olmaması hazırda əsas müzakirələrdən biridir.
Son günlərdə gedən döyüşlər nəticəsində bir sıra strateji əhəmiyyət daşıyan yüksəkliklərin düşməndən təmizlənməsi Xankəndinə zərbə endirmək imkanlarımızı artırıb. Bu barədə ekspertlər açıqlamalarında məlumat verirlər. Müdafiə nazirinin bu göstərişi boşuna vermədiyi deyilir. Bununla nazir ermənilərə bir daha açıq mesaj göndərdi.Birinci Qarabağ döyüşlərinin fəal iştirakçısı, qazi Rey Kərimoğlu “Yeni Müsavat”a açıqlamasında Xankəndini vurmaq imkanlarımızın yetərincə olduğunu söylədi: “Hazırda proseslər tam istədiyimiz şəkildə gedir. Bildiyiniz kimi, Azərbaycan ordusu bir sıra yüksəklikləri ələ keçirib. Həmin yüksəkliklərdən tam şəkildə Xankəndini vurmaq mümkündür. Amma nəzərə almaq lazımdır ki, işğal olunmuş əraziləri və ələ keçirilmiş yüksəklikləri çıxsaq belə, Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərini vurmaq üçün kifayət qədər müasir texnikalı silahları var. Bu sirr deyil. Hərbi paradda nümayiş etdirilib. Arsenalımızda olan silahlarımız mətbuatda dərc olunub. Bu günə qədər istənilən an Xankəndi şəhərini vurmaq mümkün idi. Sadəcə ələ keçirilən yüksəkliklər həmin ərazini vurmaq imkanlarımızı daha da asanlaşdırıb. Erməniləri susdurmaq, əhalinin təhlükəsizliyini təmin etmək üçün cənab nazirin əmri yerində verilib. Bunu alqışlayırıq. Çünki aprelin 1-dən başlayaraq erməniləri dinc əhalimizin yaşadığı yerləri aramsız atəşə tutdular. Nəticədə dinc əhalidən ölən və yaralananlar oldu. Bu günləri də ermənilər siyasətlərini davam etdirirlər. Ağdam, Goranboy və digər yaşayış yerlərində dinc əhalini atəşə tuturlar. Buna görə də Xankəndin vurulması adekvat addım olar”.