Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi hospitalında yaralı hərbçilərə baş çəkib. QAZILER.AZ-ın AzTV-yə istinadən məlumatına görə, ziyarətdə müdafiə naziri Zakir Həsənov da iştirak edib. Zakir Həsənov prezident İlham Əliyevə yaralıların son durumu ilə bağlı məlumat verib.
Prezident İlham Əliyev yaralı əsgərlərlə bir-bir görüşərək onların hansı şəraitdə yaralandığı və səhhətləri ilə maraqlanıb. Prezident əsgərlərə böyük qəhrəmanlıq göstərdiklərini bildirib və onlara təşəkkür edib.Müdafiə naziri Zakir Həsənov bildirib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər.
Sonra Prezident İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşüb.










