Yaradıcı gənclərdən döyüşçülərimizə DƏSTƏK

Yaradıcı gənclərdən döyüşçülərimizə DƏSTƏK backend

"Döyüşdən gələn xəbərlər, videogörüntülər zəka ilə gücün vəhdət məqamının təntənəsidir. Biz yaradıcı gənclər də bu gün qəhrəman döyüşçülərimizi dəstəkləyirik". Bu sözləri musiqişünas-vokalçı, respublikanın əməkdar artisti Ramil Qasımov Lent.az-a ünvanladığı müraciətində bildirib.


Əməkdar artist qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman beynəlxalq görüşlərdə, mötəbər tribunalarda ilk növbədə xalqımızın sülhsevərliyini xatırladıb, Qarabağ probleminin çözümünü diplomatik yolda görmək istəyini dilə gətirib, fəqət, səbrin də müəyyən həddi olduğunu bildirib:

"Bəşəri duyğulara, humanizmə, insanlıq fəlsəfəsinə böyük önəm verən Ali Baş Komandan çıxışlarında, həmçinin, Azərbaycan Ordusunun çevikliyini, döyüş hazırlığını da vurğulayıb.

Bu gün ön cəbhədə döyüşlər gedir. Dünya ictimaiyyəti Azərbaycanın dövlət başçısının qətiyyətinə, Azərbaycan Ordusunun gücünə şahid oldu. Beynəlxalq aləm ölkəmizin haqq işi uğrunda mübarizəsini dəstəkləyir. Peşəkar və vətənpərvər zabitlərimizin, cəsur əsgərlərimizin, mükəmməl hərbi taktikanın, müasir silahların, sərrast nişanların qarşısında tab gətirə bilməyən erməni quldurları çıxış yolunu qaçmaqda görürlər. Erməni ordusu çaşqınlıq içindədir.

Hər bir azərbaycanlı cəbhədə əldə olunan üstünlüyə görə qürur hissi keçirir. Vətən torpağına, yurd sevgisinə bağlı, Bayrağını canından artıq sevən hərbçilərimiz inamla, əzmkarlıqla irəliləyirlər. Döyüşdən gələn xəbərlər, videogörüntülər zəka ilə gücün vəhdət məqamının təntənəsidir. Biz yaradıcı gənclər də bu gün qəhrəman döyüşçülərimizi dəstəkləyirik. Özümüz də Ali Baş Komandanın “döyüş” əmrinə hazırıq. Mənəvi-psixoloji ruhun yüksəlməsi, qələbə əzminin aşılanması üçün incəsənətin təsir vasitələrindən istifadə etməyimiz, zənnimcə, böyük effekt verər".

Ramil Qasımov onu da əlavə edir ki, bir həqiqəti də unutmamalıyıq:

"Qələbə qurban tələb edir. Doğrudur, bu gün itkisiz ötüşmürük, şəhidlərimiz var. Amma bu Şəhidlər torpağı qanı ilə suvaran və müqəddəs Qurani-Kərimdə adı keçən ölməzlərdir. Fəqət, bizim bir şəhidimiz varsa, qarşı tərəfdə bu rəqəm iyirmidir.

Məlum üstünlük isə “biz güclüyük və tezliklə qələbə çalacağıq” əminliyini diktə edir. Bəli, tezliklə Azərbaycan öz ərazi bütövlüyünə qovuşacaq. Düşmən torpağında qəriblik çəkən torpaqlarımızda müqəddəs üçrəngli Bayrağımız dalğalanacaq. Çünki günü-gündən qüdrətlənən Ordumuz və dövlətçiliyimizin təminatçısı, müdrik rəhbərimiz, qətiyyətli Ali Baş Komandanımız var!

Qələbə bizimlədir!"