Güneyli gənclərdən Ali Baş Komandana MÜRACİƏT

Güneyli gənclərdən Ali Baş Komandana MÜRACİƏT backend

Soydaşlarımız prezidentdən Azərbaycan milli ordusunda xidmət etmək üçün qəbul edilməsini istəyiblər. Aprelin 2-dən başlayaraq Qarabağda yaranmış gərgin vəziyyət ilə əlaqədar Güney Azərbaycanda yaşayan çoxlu sayda soydaşlarımız prezident İlham Əliyevə müraciət ünvanlayıblar. QAZİLER.AZ -ın musavat.com-a istinadən məlumatına görə, Urmu Universitetinin tələbələri və müxtəlif şəhərlərin, o cümlədən Təbriz, Urmiya, Zəngan, Ərdəbil, Muğan, Salmaz, Qoşa Çay, Sulduz, Əhər və digər bölgələrin gəncləri İranda populyar olan “Teleqram” sosial şəbəkəsində bəyanat yayıblar.


Bəyanatda bildirilir:
“Qarabağda işğalçı Ermənistan dövlətinə qarşı gedən savaş üçün bizi də əsgərliyə qəbul edin. Siz hər zaman bildiribsiniz ki, vətənin hər bir bölgəsindən müdafiə hər bir azərbaycanlının məsuliyyətidir və Azərbaycan dövləti bütün azərbaycanlıların dövlətidir.
Siz hər zaman özünüzü “50 milyon Azərbaycanlının prezidentiyəm” deyibsiniz və milli düşmənlərimizə qarşı apardığınız siyasi xətiniz ortadadır.

Bizim üçün müqəddəs Azərbaycan bayrağının Quzey Azərbaycanda dalğalanması və vətənimizin quzeyinin müstəqil olması və inkişaf etməsi ən sevindirici haldır.

Möhtərəm prezident, Qarabağda Azərbaycan Milli Ordusunun qələbəsi bizi sevindirir çünki Qarabağ hər bir azərbaycanlının doğma torpağıdır. Amma bir tərəfdən də bu müharibədə bizim rolumuz olmadığı üçün və bu savaşda bir əsgər kimi savaşa bilmədiyimiz üçün narahatıq.

50 milyon Azərbaycan türkünün prezidenti kimi güney Azərbaycan gənclərini də bu müqəddəs savaşda əsgər kimi Azərbaycan milli ordusunda xidmətinin qəbul edilməsinə sərəncam verin ki, biz də borcumuzu vətənimiz Azərbaycana görə ödəyə bilək”.

Qeyd edək ki, aprelin 2-dən başlayaraq Qarabağda keçirilən hərbi əməliyyatlar Güney Azərbaycanda yaşayan soydaşlarımız arasında da ciddi narahatlıq doğurub. Bununla bağlı “Teleqram” sosial şəbəkəsində müxtəlif haştaglar yaradıb, Qarabağda döyüşmək üçün hər an hazır olduqlarını nümayiş ediblər. Çoxlu sayda soydaşlarımız sosial şəbəkə üzərindən “Bu taydan döyüşlərə gəlmək istəyən adamlar var, onlar harada qeydiyyata alınmaq lazım olduğunu bilmək istəyirlər” - deyə əməkdaşımıza suallar ünvanlayıblar.