Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Biləsuvar rayonunda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri təqdim edib.
Qaziler.az bildirir ki, bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası işlərinin davamı olaraq, ƏƏSMN tərəfindən Biləsuvar rayonunda inşa olunmuş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
Ailə üzvlərinin sayına uyğun olaraq hər biri üçotaqlı olan evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Evlərin təqdim olunması zamanı Prezident İlham Əliyevin respublikanın uzunmüddətli inkişafına yönələn uğurlu siyasətinin mərkəzində məhz ölkə vətəndaşının rifah halının yüksəldilməsi prinsipinin dayandığı vurğulanıb.
Azərbaycanda həyata keçirilən sosial siyasətdə müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin mühüm yer tutduğu önə çəkilərək, onların maddi təminatlarının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər diqqətə çatdırılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamı müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatına xidmət edən tədbirlərin daha geniş vüsət almasına səbəb olub.
Keçən il və cari ilin ötən dövründə ƏƏSMN tərəfindən Bakı şəhəri və respublikanın bölgələri üzrə ümumilikdə 360 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.
Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir etdirilməsi işləri davam etdirilir.
Tədbirdə müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin sosial müavinət və ya əmək pensiyaları, eyni zamanda Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə də təmin olunmalarından bəhs olunub, bu sahədə təminatın daim gücləndirildiyi vurğulanıb.
Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların doğmaları ölkədə əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin, şəhid ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərdən razılıqla söz açıblar.
Onlar sosial cəhətdən həssas qruplardan olan insanlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.