Bu gün Novruz bayramı ərəfəsində Quba və Siyəzən rayonlarında kənd təsərrüfatı mallarının yarmarkası keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yarmarkada fermerlər tərəfindən müxtəlif ərzaq məhsulları və kənd təsərrüfatı malları satışa çıxarılıb. Məhsullar bazar qiymətindən 20-30 faiz ucuz satılıb.
Qubada keçirilən yarmarkada 20 çeşiddə ərzaq məhsulları və kənd təsərrüfatı malları satılır.Yarmarkanın təşkilində məqsəd rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımı hallarının qarşısının alınmasıdır.
Siyəzəndə təşkil olunan yarmarkada rayonun əksər inzibati ərazi vahidliklərindən 10 tona qədər məhsul alıcılara təqdim olunub. Satıcılar bildirib ki, qiymətlərin ucuz olması alıcıların sayına müsbət təsir göstərir.
Yarmarkalar qarşıdakı günlərdə də davam etdiriləcək.