"Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub. Hadisə saat 15.00 radələrində baş verdiyindən xəsarət alan olmayıb. Yataqxanada 96 ailə yaşayır.
Çəkiliş qrupumuzla hadisə baş verən ünvandayıq. Havanın yağmurlu olmasına baxmayaraq sakinlər hamılıqla binanın qarşısına toplaşıblar. Yataqxananın sakini Şirvan İsrailov deyir ki, sözügedən ünvanda 1994-cü ildən yaşayır:"Bu yataqxanada 96 ailə yaşayır. Dünən gecə Xətai rayon İcra hakimiyyətinin birinci müavini Rafiq müəllim, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bura baş çəkdilər. Hadisədən sonra birinci blokun giriş qapısını sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə bağladılar. Hələ heç bir sakin heç yana köçürülməyib. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi başda olmaqla digər qurumların da əlimizdə sənədi var. Sənədlərin bir nüsxəsi Maliyyə Nazirliyindədir".
Yataqxananın digər sakini Pakizə Seyidəhmədova binanın baxımsızlıqdan bu hala düşdüyünü deyir: "Mən 1980-ci ildən Zeynalabdin Tağıyev adına Kombinatda fəhlə kimi çalışmağa başlamışam. 1986-cı ildən də işlədiyim kombinatdan ev növbəsində durmuşam. 1990-cı ildə vəziyyət qarışdı. O zamandan bu günə kimi yataqxana təmir olunmayıb, nə də baxan yoxdur. Baxımsızlıqdan belə hala düşdü. Altı ildir döymədiyimiz qapı qalmayıb".
Arzu Abdülrəhimova da uçquna məruz qalan binanın sakinidir.
"Uzun illərdir 18 kvadratmetrlik bir otaqlı mənzildə 4 nəfərlik ailə üzvlərimlə yaşayıram. 18 yaşlı qızım, 21 yaşlı oğlum var. Bütün kommunal xidmətləri ödəyirik. Heç bir ödənişdən illər ərzində yayınmamışıq. 150 manat maaşa işləyirik. Bu şəraitdə yaşamaq mümkün deyil".
Hadisə yerinə gələn Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin Əkbərovun sözlərinə görə, uçqun baş verən yataqxananın qəzalı vəziyyətdə olmasına dair Fövqəladə Hallar Nazirliyi hələ ötən ilin ikinci yarısında rəy verib:
“İcra Hakimiyyəti binada yaşayan sakinlərin siyahısını hazırlayıb. Orada bir məcburi köçkün ailəsi yaşayır, qalan 94 ailə isə toxuculuq fabrikinin işçiləridir. Yataqxanada bir nəfərin qeyri-yaşayış sahəsi var. Maliyyə Nazirliyi ötən ilin noyabrında sakinlərlə bağlı dəqiqləşmələr aparıb. Hansı sakinlərin çıxarış və ya orderlərə malik olduğu müəyyən olunub. Orada olan 78 mənzilin çıxarışı var, qalanları müəssisədaxili orderlərə malikdir”.
Z. Əkbərov deyib ki, FHN və Xətai rayon İcra Hakimiyyəti binadakı durumla bağlı məktub hazırlayıb və məktub bu gün Nazirlər Kabinetinə təqdim olunub:
“Bu gün günün ikinci yarısında Nazirlər Kabineti bina ilə bağlı müvafiq qərar verəcək. Yataqxanada bu şəraitdə yaşamaq qeyri-mümkündür. Hələlik Nazirlər Kabinetinin qərarını gözləyirik”.
Z. Əkbərov deyib ki, yataqxanadan əlavə Xətai rayonunda qəzalı vəziyyətdə olan bir neçə bina var. Cavanşir küçəsi, 36 və 38 ünvanlarında yerləşən yataqxana binaları da kəskin qəzalı vəziyyətdə olduğundan o yataqxanalarda yaşayan 200-dən artıq sakinin köçürülməsinə nail olunub:
“Xətai rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə müraciət edib, Nazirlər Kabinetinin qərarına uyğun olaraq sakinlərə kompensasiya ayrılıb və sakinlər köçürülüb. Daha sonra Fövqəladə Hallar Nazirliyi Cavanşir küçəsi, 8 ünvanında yerləşən yataqxana binasının da qəzalı vəziyyətdə olması barədə rəy verdi. İcra Hakimiyyəti Nazirlər Kabinetinə müraciət etdi, Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq yerli sakinlər köçürüldü, yataqxanada yaşayan 6 məcburi köçkün ailə üçün də Nazirlər Kabinetinin əlavə sərəncamı oldu. Beləliklə, sakinlər köçürüldü və keçən il bina söküldü”.
Qeyd edək ki, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub.