İntiqam Əliyev azadlığa buraxıldı-FOTOLAR

İntiqam Əliyev azadlığa buraxıldı-FOTOLAR backend

Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində Ali Məhkəmənin Plenumuna verdiyi protest əsasında məhkəmə prosesi başlayıb. Musavat.com-un əməkdaşı Cavanşir Abbaslı xəbər verir ki, məhkəmə binası önünə vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələri, media təmsilçiləri, siyasi partiyaların üzvləri və hüquq müdafiəçisinin yaxınları toplaşıblar. Məhkəmə zalına heç kim buraxılmayıb. İntiqam Əliyevin məhkəməyə gətirilmədiyi deyilir.

Zakir Qaralovun protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edir. Bu barədə jurnalistlərə İntiqam Əliyevin vəkilləri məlumat veriblər.



Xatırladaq ki,baş prokuror Zakir Qaralov Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair əlavə kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.



İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.



***

Ali Məhkəmənin qərarı açıqlanıb. Musavat.com xəbər verir ki, onun cəzası 5 il şərti cəza ilə əvəzlənib. Məhkəmənin qərarına əsasən, İntiqam Əliyev dərhal azadlığa buraxılmalıdır.



P.S. Qarabağ Qazilər Birliyi də tanınmış hüquqşünas, vəkil İntiqam Əliyevin azadlığa çıxması münasibətilə onun ailəsinə və yaxınlarına gözaydınlığı verir. İntiqam müəllimə gələcək fəaliyyətində uğurlar arzulayır.