Birinci qrup Qarabağ əlili, sığorta ödənişinin verilməsi ilə bağlı 3 instansiya məhkəməsi tərəfindən tələbi haqlı sayılan İlham Məhərrəmov ödənişi hələ də ala bilməməsindən şikayətçidir.
Bu barədə “Qafqazinfo”ya məlumat verən İ. Məhərrəmov bildirib ki, şəhid ailələri və Qarabağ əlillərinə sığorta pulunu verilməsi barədə qanuni qüvvəsini almış və icraya yönəldilmiş məhkəmə qərarlarını icra etməli olan Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov onu qəbul edən zaman bu sözləri deyib: “Maliyyə Naziri Samir Şərifov bizə tapşırıq verib ki, Milli Məclis qərar qəbul etməyənə qədər, dövlət büdcəsindən 150-200 milyon manat vəsait ayrılmayana qədər, dövlətin adından, çıxarılan Şəhid ailələri və Qarabağ əlillərinin xeyrinə təmin olunmuş məhkəmə qəralarını icra etməyin”.I qrup əlili ümidlərinin 125 millət vəkilinə qaldığını vurğulayıb və ümid edir ki, deputatlar Novruz bayramında onları sevindirəcək.
“Dövlətin adından çıxarılan və icrası bütün fiziki, hüquqi o cümlədən vəzifəli şəxslər üçün məcburi olan məhkəmə qətnamələri hər hansı nazirin tapşırığı ilə Milli Məclisin qərarı olmadan icrası dayandırıla bilərmi?” sualına isə "Vətən Vədailərinin Hüquqlarının Müdafiəsi" İB-nin sədri 1-ci qrup Qarabağ əlili Dadaş Quliyev belə cavab verib: "28 yanvar 2014-cü il tarixli Konstitusiya məhkəməsinin qərarında qanunverici orqana, yəni Milli Məclisə tövsiyə ünvanlayıb, tövsiyə sözü "məsləhət", "təklif" mənasında işləndiyindən, ünvanladığı subyekt üçün, vəzifə yaratmır. Konstitusiya məhkəməsinin verdiyi şərhlər məcburi xaraker daşıyır, tövsiyələri yox. Ona görə də qanunverici orqana verilən tövsiyə məhkəmə qərarının icrasına möhlət verilməsi üçün əsas ola bilməz. Bu tip qətnamələrin icrasını Milli Məclsin qərarı ilə əlaqələndirib qeyri müəyyənlikdən asılı edilə bilməz. On beş ay ərzində qərar qəbul etməyən Milli Məclis bundan sonra neçə müddətə qərar qəbul edəcəyi məlum deyildir”.
QAZİLER.AZ: Qeyd edək ki, hazırda əlində məhkəmə qərarı olan 500-ə yaxın belə insan var. Hamısı da öz halal haqlarını alacaqları günü böyük ümidlə gözləyirlər.