Azərbaycanda müharibə veteranlarına və şəhid ailələrinə qayğı daim diqqət mərkəzindədir. Bu fikir martın 18-də müharibə veteranları ilə keçirilən görüşdə səsləndirilib.
QAZİLER.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, YAP icra katibinin müavini, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, müvafiq qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Şəmsəddin Hacıyev müharibə veteranlarının və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət və qayğı göstərilən təbəqəsi olduğunu bildirib. O, müstəqilliyin ilk illərində ölkəmizdə müharibə veteranlarına ögey münasibətin olduğunu, məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onların cəmiyyətdəki mövqeyinin yenidən yüksəldiyini, bütün status və imtiyazlarının bərpa olunduğunu diqqətə çatdırıb. Ümummilli Liderin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir.
Müharibə veteranları, əlilləri, şəhid ailələri dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar.
Siyavuş Novruzov çıxışında müharibə veteranları, əlilləri və şəhid ailələrinin sosial rifahının yaxşılaşması və ehtiyaclarının qarşılanması istiqamətində dövlətimiz tərəfindən böyük işlərin görüldüyünü, bu diqqət və qayğının hər zaman davam edəcəyini vurğulayıb. Bildirilib ki, ölkəmizin inkişafı sosial müdafiəyə ehtiyacı olan təbəqələrin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasətin mühüm prioritetlərindən biridir.
Çıxış edən QHT rəhbərləri Azərbaycanda müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar bu cür görüşlərin gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından önəmini qeyd ediblər.
Sonda veteranları, əlilləri və şəhid ailələrini maraqlandıran məsələlərə dair müzakirələr aparılıb.
Qaziler.az saytı olaraq qeyd edək ki, S.Novruzov çıxışında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunu ilə Şəhid ailələrinin və Qarabağ əlillərinin uzun illərdən bəri verilməyən sığorta pulu – qan pulu məsələsinə də toxunub. O, bildirib ki, problem həll ediləcək: “Bununla bağlı Nazirlə Kabinetində iş gedir. Məsələ millət vəkillərinin də diqqətindədir, düşünürəm ki, bunun bir forması tapılıb həll ediləcək. Ola bilsin hissə-hissə və ya başqa cür, amma ödəniləcək.”