BMT-nin sabiq baş katibi Butros Butros Qali bu ilin aprel ayında Bakıya gələcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Bu barədə Trend-ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, 2014-cü ilin sentyabrında Butros Butros Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təsis edilmiş Nizami Gəncəvi mükafatı ilə təltif olunub. Mükafatın təqdimatı zamanı BMT-nin sabiq baş katibi Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusunda müzakirələrin aparılması bu gün dünyada cərəyan edən gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda olduqca vacib addımlardan biridir.Xatırladaq ki, misirli diplomat Butros Butros Qali 1992-1996-cı Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edib.