Qazaxda Qarabağ əlillərinin dərdini eşidən yoxdur - Bizə yazırlar

Qazaxda Qarabağ əlillərinin dərdini eşidən yoxdur - Bizə yazırlar backend

“İcra başçısı Qarabağ qazilərinin işlə və ya maddi cəhətdən təmin olunmaları üçün heç bir köməklik göstərmir” QAZILER.AZ saytına “Qarabağ Qaziləri” Birliyinin Qazax filialı İdarə Heyətindən şikayət məktubu daxil olub. Məktub müəllifləri Qazax rayonunda Qarabağ əlillərinə, şəhid ailələrinə qarşı olan ögey münasibətdən giley edirlər. Məktub müəllifləri rayonda vətəndaş cəmiyyətinin də fəaliyyətinə dəstəyin diqqətdən kənarda qaldığını bildirirlər.

“Yazıb sizə bildiririk ki, Birliyin Qazax rayon filialı fəaliyyətə başlayarkən bir iş adamı tərəfindən ofis yeri ilə təmin olunmuşdu. Sonra həmin binada tədris mərkəzi yaradıldığına görə, filial ofissiz qaldı. İki il əvvəl ofislə təmin olunmaq üçün biz Qazax Rayon İcra Hakimiyyətinin başçısına müraciət etdik. İcra başçısı qaçqınları yerləşdirdikdən sonra bizə ofis yeri verəcəyinə söz verdi. Amma vədinə əməl etmədi, iki ildir bizə yer verilmir. Çünki, yer boşalan kimi satılır. Bizim filial rayonda yeganə təşkilatdır ki, ofisi yoxdur. Süründürməçilik və aldatmalar bu gün də davam etməkdədir”.

İcra başçısı Ayaz Əsgərov vəzifə başına gələndən haqsızlıq və alverin gücləndiyini yazan şikayətçilər, şəhid Tahir Mübariz oğlunun bulaq abidəsi ilə bağlı baş verənləri də yazıblar:
“Qarapapaq kəndində dövlət hesabına gözəl bir məktəb tikilib. Yolun məktəb tərəfində Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuş Tahir Mübariz oğlunun bulaq abidəsi yerləşir. Kiminsə əmri ilə bulaq - abidənin arxasında ayaqyolu tikmək istəyirdilər. Filialın sədri Gündüz Rəhimov bu işə müdaxilə edərək icra başçısının müavinini, arxitektoru, şirkət rəhbərini hadisə yerinə çağırmışdır. Şəhid atası buna görə özünü yandıracağını bildirdikdən sonra iş dayandırılıb...




Qazilər yazırlar ki, Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Vəliyev yarıtmaz fəaliyyətinə görə, işdən azad olunsa da, icra başçısı Ayaz Əsgərov həmin adamı nə səbəbdənsə rayona mer vəzifəsinə təyin edib. (?!)

“Bizim qazilər hər gün şəhərdə və kəndlərdə ailələrini dolandırmaq üçün imkanları daxilində çalışırlar. Lakin onların heç biri Ayaz müəllimi nə kəndlərdə, nə də şəhər mərkəzində görməyiblər. O, icra başçısı gələndən ilk işi mərkəzi bağda salamat daşları çıxarıb yerinə yenisini qoymaq olub…

İcra başçısı Qarabağ qazilərinin işlə və ya maddi cəhətdən təmin olunmaları üçün heç bir köməklik göstərmir. “Mənim əlillərə kömək edəcək fondum yoxdur”, - deyə bildirir. Səhər kabinetdə, axşam evində olan icra başçısı rayonun problemlərini başlı - başına buraxıb və imkanlı şəxslərə yer satmaqla məşğuldur…

…Vətənin müdafiəsində şəhid və əlil olanlara qayğı yox dərəcəsindədir. Kimin nə vaxt Qazağın problemləri ilə məşğul olacağı isə bəlli deyil.

Axı ümummilli liderimiz Heydər Əliyev demişdir: “ Qarabağ əlillərinə qayğı göstərmək hər bir məmurun borcudur”. Prezidentimiz İlham Əliyev isə bildirib ki: “Süründürməçilik rüşvətxorluğa bərabərdir”. Lakin bu fikirlərin Ayaz Əsgərov cənablarına heç bir dəxli yoxdur. Çünki bu insanda şəxsi mənafe ümumi mənafeni üstələyir. Xahiş edirik ki, səlahiyyətli şəxslər bu adam haqqında tədbir görsün”.

Qarabağ Qaziləri İctimai Birliyi qazax filialının İdarə heyəti bu rayonda baş verənlərlə bağlı xeyli ciddi faktlar göndərib. QAZİLER.AZ saytı hissə-hissə onları təqdim edəcək.
Diaspora