Ermənistanın həm Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aktiv üzvü olması, həm də NATO ilə yaxınlığı, ifadəmə görə üzr istəyirəm, siyasi fahişəlikdən başqa bir şey deyil.
Bunu Axar.az-a açıqlamasında keçən həftə Brüsseldə NATO-nun mənzil-qərargahında “28+1” formatında Şimali Atlantika Şurası ilə Ermənistan arasında keçirilən toplantıda Seyran Ohanyanın görüşlərini şərh edən keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov söyləyib. Onun sözlərinə görə, Seyran Ohanyan - iki ağanın tək nökəri olmaq istəyir:“Seyran Ohanyan kimdir? Onu yəqin ki, NATO-da da yaxşı tanıyırlar. Əgər bilmirlərsə, qısa xatırlatma yerinə düşür. Qarabağ savaşında milliyətindən asılı olmayaraq dinc əhaliyə qarşı qəddarlığı, amansızlığı, qaniçənliyi ilə “şöhrət tapmış” quldur dəstəsinin başçısı; terror yolu ilə Ermənistanda hakimiyyəti ələ keçirmiş və kriminal strukturların dəstəyi ilə “dövləti” idarə edən şəxslərdən biri. Məhz bu səbəbdən o, bütün yollardan - yalan, iftira, şantajdan, hətta əxlaqsızlıqdan belə çəkinmir ki, ələ keçirdiyi hakimiyyəti zorla da olsa qoruyub saxlasın. Odur ki, Seyran Ohanyanın eyni zamanda KTMT və NATO-nun “qucağına” atılması da onun kimi ünsürlər üçün adi bir haldır. Amma necə deyərlər, onun eyni vaxtda iki ağanın tək nökəri olması cəhdləri də heç bir fayda verməyəcək. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi, xalqımız və dövlətimizin iradəsi, ən əsası isə Silahlı Qüvvələrimizin qüdrəti və gücündədir”.