Binəqədi Rayon Məhkəməsində dələduzluqda ittiham olunan tanınmış futbolçu Maşallah Əhmədov barəsində verilən ev dustaqlığın müddəti uzadılıb. Lent.az- a bu barədə onun vəkili Samir Abdullayev məlumat verib. Vəkil bildirib ki, Maşallah Əhmədov barəsində verilən ev dustaqlığının müddəti 1 ay uzadılıb.
Qeyd edək ki, M.Əhmədov keçən il dekabr ayında Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərində daş plitə gətirəcəyini vəd edib. M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.Sonra isə eyni məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb. Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.