İtkin düşən azərbaycanlı gəmiçilərdən hələ xəbər yoxdur

İtkin düşən azərbaycanlı gəmiçilərdən hələ xəbər yoxdur backend

“İşləmək üçün Türkiyəyə gedən və fevral ayının 20-də İzmit limanından Liviyaya gəmi aparmaq üçün yola düşən azərbaycanlılarla son günlər danışmaq imkanım olmayıb. Hazırda onlarla əlaqə qurmaq istəsək də bu cəhdlərimiz boşa çıxır”.


QAZİLER.AZ Lent.az-a istinadən bildirir ki, bu sözləri həmyerlilərimizin “Kalkanlar 1” gəmisini Liviyaya aparmaq üçün razılığa gəldikləri “Gebze Denizçilik” şirkətinin rəhbəri Ercan Dəliürək deyib. Onun sözlərinə görə, texniki nasazlıq yarandığı üçün Yunanıstan sahillərində olan gəminin ekipaj üzvləri ilə sonuncu dəfə 3-4 gün əvvəl danışıb: “İndi də həmin 4 nəfərlə əlaqə qurmağa çalışırıq. Ancaq təəssüf ki, indiyə qədər danışa bilməmişik. Onların taleyindən mən də xəbərsizəm. Gün ərzində hansısa bir məlumat alsam, bu barədə xəbər verəcəm”.

Artıq 17 gündür ki, talelərindən heç bir xəbər olmayan Bakı şəhər sakinləri Salamov Namik (kapitan), Əliyev Fərid (matros) və Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Möhlüd Firudin oğlu Rəşidbəylinin valideynləri bu gün səhər saatlarında Xarici İşlər Nazirliyinin qarşısına toplaşıblar. Onlarla görüşən nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Türkiyədəki Baş Konsulluğu məsələnin araşdırılması üçün “Gebze Denizçilik” şirkəti və müvafiq dövlət qurumları ilə araşdırmalara başlayıb: “Bununla bağlı İstanbuldakı baş konsulluğun bir əməkdaşı bu məsələyə görə təhkim edilib və konsulluq məsələni diqqətdə saxlayır”.
İşləmək üçün Türkiyəyə gedən 3 Azərbaycan vətəndaşı fevral ayının 20-də Liviyaya gəmi aparmaq üçün yola düşüblər və bir gün ailələrinə zəng vurublar. Dənizçilərlə müəyyən yol qət etdikdən sonra fırtınaya düşdüklərini deyiblər. Fevral ayının 21-dən etibarən onlardan heç bir məlumat yoxdur. Onlar “Gebze Denizçilik” adlı şirkətlə əməkdaşlıq ediblər və şirkətə məxsus “Kalkanlar 1” adlı gəmini Liviyaya aparıb orada əvvəlcədən təyin edilmiş şəxsə təhvil vermək barədə razılığa gəliblər.