AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, martın 4-ü və 5-də Türkiyənin nüfuzlu elm ocaqlarından biri olan Trakya Universitetində “Əvvəli və davamı ilə Neolit dövrünü anlamaq” (“Öncülü ve Ardılı ile Neolitiği Anlamak”) mövzusunda elmi simpozium keçirilmişdir. Simpozium Anadolu ərazisində neolit abidələrinin son dövrdə tədqiqi nəticəsində əldə edilmiş elmi nəticələrin təhlilinə həsr edilmişdi.
Anadolu neoliti ilə genetik bağlı olan Azərbaycan və bütünlükdə Cənubi Qafqaz ərazisindəki neolit abidələrinə türkiyəli tədqiqatçıların marağı yüksək olduğundan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Ekspozisiya şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev simpoziuma xüsusi qonaq qismində dəvət almışdı.Simpoziumda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Ekspozisiya şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Güney Qafqazda neolitləşmə prosesi” adlı məruzə ilə çıxış etdi. Məruzənin əsasında Azərbaycanda aşkar edilmiş Göytəpə (Tovuz rayonu) neolit yaşayış məskənində aparılan tədqiqatların son nəticələri dururdu. Azərbaycan təmsilçisi öz məruzəsində neolit dövründə Azərbaycan və həmçinin, Cənubi Qafqaz neolitində Anadolu və Yaxın Şərq neoliti ilə genetik əlaqələrin və fərqli xüsusiyyətlərdən söz açmış, Göytəpə məskəninin Ön Asiya neolitininin öyrənilməsində tutduğu unikal yeri barədə məlumat vermişdir.

Fərhad Quliyevin məruzəsi simpozium iştirakçılarının marağına səbəb olmuşdur. Həmçinin, türkiyəli həmkarlar ölçüyəgəlməz elmi əhəmiyyətini nəzərə alaraq Göytəpə neolit dövrü yaşayış məskənində Azərbaycan arxeoloqlarının apardığı tədqiqatlara həsr edilmiş elmi monoqrafiyanın ingilis dilində nəşr olunmasına lazımi dəstək göstərməyə hazır olduqlarını bildirmişlər.