Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Gürcüstanın Xarici İşlər naziri Mixeil Canelidzeni qəbul edib. Axar.az xəbər verir ki, Mixeil Canelidze Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir Giorgi Kvirikaşvilinin salamlarını dövlət başçısına çatdırıb.
Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Mixeil Canelidze iki ölkənin müvafiq qurumları tərəfindən birgə işlərin və həyata keçirilən bütün layihələrin fəal şəkildə davam etdirildiyini söyləyib.
Ölkələrimizin xarici işlər nazirlərinin əlaqələrinin mütəmadi xarakter daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın önəmini qeyd edib. Azərbaycanla Gürcüstan arasında bir sıra məsələlərin uğurla həll edildiyini və ölkələrimizin bir-birinə daha da yaxınlaşdığını bildirən dövlət başçısı özünün Gürcüstana ötənilki uğurlu rəsmi səfərini xatırladıb. Əməkdaşlığımızın fəal şəkildə davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə və eləcə də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Dövlət başçısı Gürcüstanın Xarici İşlər naziri Mixeil Canelidzenin Azərbaycana səfərinin ölkələrimiz arasında cari il üçün birgə tədbirlərin proqramının nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstan dövlətinin başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.