Əmlak Məsələləri Dövlət Komitəsi martın 5-də Bakının Nəsimi rayonunda yerləşən yeni tikilmiş hündürmərtəbəli binanın sakinləri üçün “Kütləvi çıxarış” kampaniyası keçirib. Komitədən Axar.az-a verilən məlumata görə, mülkiyyət hüquqlarının səmərəli və çevik təmin olunmasında mühüm rolu olan kampaniya zamanı 50-yə yaxın vətəndaş mənzillərinə dair mülkiyyət sənədi əldə edib.
Qeydiyyat xidmətlərini həm ucqarlarda, həm də paytaxtda hər bir əmlak sahibinə əlçatan edən kampaniya çərçivəsində hazır çıxarışlar verilməklə yanaşı, mülkiyyətə dair ilkin sənədlər də qəbul edilib.
İndiyədək Bakı şəhərinin Səbail, Sabunçu, Xətai, Nizami rayonlarında və paralel olaraq regionlarda keçirilən belə kampaniyalarda 6800-ə yaxın vətəndaş kampaniyadan faydalana bilib.
Qeyd edək ki, kampaniya zamanı çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən, həmçinin yalnız istismara qəbul aktı olan və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı ödənilməklə təqdim olunur.
Kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzinə zəng vuraraq xidmətdən yararlanmaq barədə istəyini bildirir (148 daxili 1, sonra 5). Bundan sonra kampaniyanın keçiriləcəyi qrafikə (aylıq qrafik komitənin saytında yerləşdirilir) uyğun olaraq həmin vətəndaşa keçiriləcək gün və zəruri ilkin sənədlər barədə məlumat verilir. Təyin olunmuş ünvanda əvvəlcə vətəndaşların ərizələri qəbul olunur və məlumat bazası üzrə uyğunluğu yoxlanılır. Bundan sonra qəbul edilmiş sənədlər elektron sistemə salınaraq təsdiq üçün göndərilir. Burada daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanır, kağız və elektron variantlarda arxiv yaradılır.
Bütün proseslər tamamlandıqdan sonra hazır çıxarışlar vətəndaşların ünvanına çatdırılır.