Martın 3-4-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətləri nümayəndələri üçün Şamaxı rayonuna və Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına infotur təşkil olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, infotura 30 nəfərdən ibarət turizm üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələrinin qatılacağı gözlənilir.
Səfər çərçivəsində rəsədxanada astro-turizmin təşkili ilə bağlı açıq kosmos gecələrinin nümayişi, astronomiya muzeyinə baxış, teleskoplarda kosmik obyektlərə müşahidələrin aparılması, həmçinin rəsədxananın müvafiq turizm infrastrukturu və xidmətləri ilə tanışlıq nəzərdə tutulur.
İnfotur çərçivəsində Şamaxının turizm və nümayiş obyektlərinə səfərlərin təşkili, həmçinin “Şimal-qərb bölgəsinin əfsanələri mədəni turizm marşrutu”nun təqdimatının keçirilməsi də planlaşdırılır.