Təhsil nazirinin əmrinə əsasən, 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu sentyabrın 10-dək həyata keçirilməlidir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nin təsdiq edilməsi barədə əmrinə əsasən, hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olacaq uşaqlar müsahibəyə cəlb edilirlər. Həmin əmrin 8-ci bəndinə əsasən, müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir.
Bundan başqa, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.
Bildirək ki, 6 yaşı tamam olmayan uşaq Komissiyada müsahibədən keçməzsə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 6 yaşı tamam olmayan uşaqların müsahibəsi başa çatdıqdan sonra müraciət edə bilər.
Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirən 6 yaşı tamam olmayan uşaqlar müsabiqədənkənar qəbul edilə bilər.