Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyən zəvvarların kvotası müəyyən olub. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu il Azərbaycanda Həccə 2700 zəvvarın getməsi nəzərdə tutulub.
Qeydiyyatdan keçmək üçün təqdim olunan sənədlər arasında tələb olunan fotoşəkillərdə qadınların başıörtülü olması tələb olunur. Xatırladaq ki, ötən ilki zəvvar kvotası 3700 nəfər olub.Qeyd edək ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunmasına baxmayaraq, qiymətlərdə artım var. Daha yaxşı şəraitli hotellərdə qalmaq, daha bahalı yeməklərin verilməsi, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 manat, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlı hotellərdə qalmaqla təklif olunan variant isə 4700 manatdır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır.
Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq.