Ötən il Xəzər dənizində 8 nəfər xilas edilib. Lent.az-ın məlumatına görə, bu Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirəsin deyilib.
Bildirilib ki, ötən il Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. AR-ə məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və AR-ə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. İl ərzində DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurularaq, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.