Rusiyanın Tatarıstan respublikasının inzibati mərkəzi olan Kazan şəhərində 4 nəfərin ölümü, 14 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, yanğının baş verdiyi “Admiral” ticarət mərkəzinin milliyətcə azərbaycanlı iş adamı Hüseyn Xanhüseyn oğlu Qəhrəmanova məxsus olması aşkarlanıb.
“Zarya” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi kimi ticarət mərkəzini icarəyə götürən azərbaycanlı son günlər 3 mərtəbəli mərkəzin yandırılacağı ilə bağlı hədə dolu mesajlar aldığını deyib: “Hədələyirdilər, amma bilmirəm kim idi. Mühafizəçilərlə yanaşı, öz qohumlarım və dostlarımla gecələr “Admiral”da keşik çəkməyə məcbur idik”.Məlumata görə, ticarət mərkəzində çalışanların əksəriyyəti də milliyyətcə azərbaycanlı olub. Azərbaycanlılardan biri rusiyalı jurnalistlərə ticarət mərkəzinin açıldığı gündən burada çalışdığını deyib. O, yanğın nəticəsində 80 milyon rubl dəyərində vəsait itirdiyini bildirib.
27 yaşlı daha bir azərbaycanlı da ticarət mərkəzi açıldığı gündən burada çalışdığını deyib. Soydaşımıza yanğın nəticəsində 7 milyon rubl ziyan dəyib.
Hələlik yanğının baş vermə səbəbi kimi elektrik xətlərindəki nasazlıq irəli sürülür. Faciə ilə bağlı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov təcili iclas çağırıb.