Müdafiə Nazirliyi Xocalı ilə bağlı film çəkdi

Müdafiə Nazirliyi Xocalı ilə bağlı film çəkdi backend

Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan sənədli televiziya filmini təqdim edib. MN-dən QAZİLER.AZ-a verilən məlumata görə, filmdə Xocalının qədim tarixindən, orada aparılan arxeoloji qazıntılardan və şəhərin 1991-ci ilin noyabrında mühasirəyə düşməsindən soyqırıma qədər olan dövrdən danışılıb.

Xocalı sakinləri fevralın 26-da erməni qüvvələri və Rusiyanın 366-cı alayının hərbi birləşmələri tərəfindən başlarına gətirilən müsibəti danışıblar.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücuma keçib.

Dəhşətli soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.