Vyanada Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Vyanada Novruz bayramına həsr olunmuş tədbir keçirilib backend

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak etmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat vermişdir. Bildirmişdir ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir. Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı artıq UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT-nin Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.

Tədbirin bədii hissəsindən bəhs edən L.Qasımova müasir Azərbaycanın caz məkanında, eləcə də beynəlxalq səviyyədə tanınmış musiqiçi Şahin Növrəsli və onun musiqi qrupu barədə məlumat vermişdir. Bildirmişdir ki, hələ uşaq yaşlarından Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi peşəkar musiqi fəaliyyətinə başlayan Ş.Növrəsli dünyanın ən tanınmış səhnələrindəki çıxışları ilə Şərq və Qərb sivilizasiyalarının musiqi rəngarəngliyinin vəhdətini öz ifalarında mükəmməl səviyyədə təqdim edir.

L.Qasımova həmçinin bildirmişdir ki, caz konsertinin tarixi də təsadüfi seçilməyib, çünki bir neçə gün əvvəl Azərbaycanda ölkəmizin caz sənətinin ən görkəmli nümayəndəsi Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunub. Klassik cazla Azərbaycan milli musiqisi və muğamının uğurlu sintezinə nail olmuş V.Mustafazadə məktəbinin ənənələri bu gün Şahin Növrəsli kimi peşəkar musiqiçilər tərəfindən qorunub saxlanılır və inkişaf etdirilir.

Daha sonra tanınmış Azərbaycan caz pianoçusu Ş.Növrəslinin rəhbərlik etdiyi caz qrupu bayram konserti ilə çıxış etmişdir. Azərbaycan xalq və bəstəkar mahnılarının, eləcə də muğam melodiyalarının caz üslubunda improvizasiyaları tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanmışdır. Konsertdən sonra qonaqlara Azərbaycanın milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanmışdır.
Diaspora