Fevralın 23-də Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur Bu gün Azərbaycanda ilk çərşənbə-Su çərşənbəsi qeyd olunur. QAZILER.AZ-ın məlumatına görə, ilk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.
Bu çərşənbədə də insanlar süfrə açar. Hər çərşənbənin öz xörəyi, öz xonçası var. Su çərşənbəsi xonçasında bulaqdan, quyudan, kəhrizdən piyada gətirilmiş pak, təmiz su mütləq olmalıdır. Dövrəsinə quru meyvə, rəngbərəng şamlar, ləbləbi - kişmiş, çətənəli, küncütlü, fındıqlı-qozlu qovurğa qoyarlar.Su çərşənbəsində yaşlıları da unutmazlar. Onlar üçün qovurğadan qovut çəkər, üstünə bəhməz və ya bal tökərlər.
Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Bununla da insanlar su ilə ünsiyyətdə oldu, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.
Su çərşənbəsi həm də “əzəl çərşənbə” adlanır. Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sırasına daxildir. Su çərşənbəsi günü hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inancına görə, su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.
Azərbaycanda axır çərşənbə martın 15-də qeyd olunacaq. Bahar Azərbaycana 2016-cı ildə martın 20-də Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində gələcək.