Xəbər verildiyi kimi, millət vəkili Musa Quliyev şəhid ailələrinə və müharibə əlillərinə ödənilməli olan sığorta pulu ilə bağlı APA informasiya agentliyinə açıqlama verib. O, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla şəhid ailələrinə və müharibə əlillərinə çatacaq sığortanı almamaqda bu insanları günahlandırıb. Bir çox məqamlara toxunan M.Quliyev əslində onsuz da qəlizləşdirilib bu həddə çatdırılan məsələni bir az da qəlizləşdirib. Məsələ ilə bağı qaziler.az saytı “Qarabağ Qaziləri” Birliyinin sədri Etimad Əsədovun, “Vətən Müharibəsi Əlilləri” Birliyinin sədri Firudin Məmmədovun və “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalovanın fikirlərini öyrəndik.
“Qarabağ Qaziləri” Birliyinin sədri Etimad Əsədov: “Bu məsələ çox hörmətli doktur Musa müəllimin biləcəyi bir iş deyil. Ortada Azərbaycan dövləti adından Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli konkret qərarı var. Həmin qərarda da konkret yazılıb ki, bu vəsait ödənilsin! Və bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə də göndərib. Konkret məbləğə və onun ödənilməsinə gəldikdə isə, Şəhid ailələrinin, Qarabağ əlillərinin əllərində yüzlərlə rayon və daha ondan sonrakı məhkəmə orqanlarının qərarları var ki, bu məbləğ - özü də 2006-cı ildən sonrakı məbləğ - “Azərsığorta” Dövlət Sığorta Şirkəti tərəfindən ödənilməlidir. Konstitusiya məhkəməsi də bu qərarlardan çıxış edərək sözügedən qərarı verib. Konstitusiya Məhkəməsinin qərarının lap son bənddə də yazılıb ki: “Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz”. Belə çıxır ki, Musa doktor, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına hörmət etmir. Hörmətli doktorumuza bu qərarın ana səhifəsindəki hissəsini - müzakirələrdə hüquq sahəsi üzrə hansı professorların, alimlərin, filosofların iştirak etdiyini - diqqətlə oxumağı da tövsiyə edirəm. Şəhidin balasına çatacaq pulu uzun illərdir verməmək bir yana qalsın, hələ bir bunun günahını da o insanların üzərinə atmaq, o tərəfə-bu tərəfə çəkib oyun oynamaq heç də yaxşı iş deyil. Sadəcə, ayıbdır!”.“Vətən Müharibəsi Əlilləri” Birliyinin sədri Firudin Məmmədov:
“Musa Quliyev düz danışmır. O, bir neçə məqama toxunub, hamısı da yanlışdır. Əsas qanun 1997-ci ilin may ayında qəbul edilib. Və qanunda sığorta hadisəsi baş verən andan sonra üç il müddətinə müraciət edilməlidir tələbi qoyulub. Deməli, 1991-1994-cü illərə qədər şəhid olan və ya yaralananlar faktiki olaraq bu qanunla kənarda qoyulurdu. Kim müraciət edirdi, deyirdilər ki, qanun yol vermir. Bu ciddi səhv yalnız 2013-cü ildə aradan qalxıb. Elə o vaxtdan da Şəhid ailələri, Qarabağ əlilləri müraciət etməyə başlayıb. Fikir verin, qanunda yanlışlıq edib, əslində o illərdən bəri sosial sahədə çalışan və bir dəfə də olsun bunu qaldırmayan bir adam deyir bu sözləri. Əslində sığorta şirkəti bu günə qədər məhz 1997-ci ildəki həmin qanunu bəhanə edərək pulu ödəməkdən yayınıb, onlar zatən heç bir halda 2013-cü ildəki dəyişikliyə istinad etməyib. Bununla bağlı yüzlərlə məhkəmə qərarı fakt kimi əlimizdədir. Özü də əlimizdə olan məhkəmə qərarlarında konkret yazılıb ki, Şəhid ailəsinə 11 min manat, dərəcələrindən asılı olaraq isə Qarabağ əlillərinə 8.800, 6.600, 4.400 manat ödənilməlidir. Və Konstitusiya Məhkəməsi də bu məhkəmə qərarlarını müzakirə edərək 28 yanvar 2014-cü il tarixli qərarını verib. O ki, qaldı təkrar alanlara, bu sadəcə, mümkün deyil. Çünki arxiv var. Zəhmət çəkib, araşdırsınlar. Kim alıb, onlara təkrar verilməsin.
Vaxtında bu vəsaiti almamaqda Şəhid ailəsinin və ya Qarabağ əlilinin heç bir günahı yoxdur. Çünki biz heç o zaman sığortalanmağımızdan xəbərsiz idik axı. Burada əsas günahkarlar dövlət orqanları - hərbi komissarlıqlar və sığorta idarəsidir. Onlar bu işləri vaxtında həyata keçirməliydilər. Bir ciddi səbəb isə Dağlıq Qarabağın və ətraf rayonların ermənilər tərəfindən işğalı olunması oldu. İşğal nəticəsində müvafiq dövlət orqanlarının işi iflic oldu. Şəhid ailəsini, Qarabağ əlilini dinləyib, problemi həll edəcək qurumların iş rejimi faktiki olaraq iflic olmuşdu. Şəhidlərin və əlillərin böyük bir hissəsinin də məhz işğal altında olan rayonların əhalisi olduğunu da nəzərə almaq lazımdır.
Biz bilirik ki, bu vəsait kifayət qədər ciddi bir rəqəmdir. Və kimlərsə, bu qədər vəsaitin birdən-birə haradan tapılmasını düşünə bilər. Ona görə də təklif edirik ki, bu vəsait Şəhid ailələrinə və Qarabağ əlillərinə hissə-hissə ödənilsin”.
“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova:
“Hələ fevralın 19-da Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli ilə görüşməli və bu məsələni müvafiq qurumların nümayəndələrinin iştirakı ilə müzakirə etməliydik. Lakin sonradan bu görüş təxirə salındı. İndi də millət vəkili bu cür anlaşılmaz açıqlama verib! Açığı, mən çox təəccübləndim. Çünki Musa müəllim özü şəxsən biz şəhid ailələrini qəbul edərkən demişdi ki, “hələ bu vəsait də Şəhid ailəsinə azdır!” İndi nə baş verdi ki, o, belə bir açıqlama verdi! Çox təəssüflər olsun! Şəhid ailələri böyük ümidlə bu pulu gözəyir!”.
QAZILER.AZ