2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti nəzdində yaradılan “BakuBus” MMC tərəfindən Fransadan “İveco Crealis” markalı iritutumlu 151 ədəd sərnişin avtobusu alınıb.
"APA-Economics"in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.Məlumata görə, avtobusların alınması üçün 2014-cü ilin noyabrın 20-də “BakuBus” şirkəti ilə “Societe Generale” arasında kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, avtobusların alınması üçün 42,051 mln. avro məbləğində kredit ayrılıb.
Avtobusların I Avropa Oyunlarının başlanmasınadək Azərbaycana gətirilməsi planlaşdırılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə təmsil olunan Azərbaycan Respublikası tərəfindən “Societe Generale”nin xeyrinə Zəmanət” imzalanıb.
Yeri gəlmişkən, I Avropa Oyunları ilə əlaqədar özəl sektor tərəfindən Türkiyədən 50 ədəd “İsuzu” markalı sərnişin avtobusu və Nəqliyyat Nazirliyi tərəfindən “London TX4” markalı 200 ədəd taksi alınıb. 2014-cü ildə müvəqqəti dayanacaqlarda Fransa İstehsalı olan 500-ə qədər parkomatlar quraşdırılıb və parkinqlər şəbəkəsi genişlənib.