“2016-cı ilin yanvar və fevral aylarında ümumilikdə 58 nəfər dəm qazından zəhərlənib”. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
A.Maqsudovun dediyinə görə, yanvar ayı ərzində dəm qazı ilə bağlı 31 nəfər müraciət edib, onlardan 23-ü xəstəxanaya yerləşdirilib: “ Fevral ayı ərzində müraciət edən 27 nəfərdən 20-si xəstəxanaya qəbul edilib, onların arasında 2 nəfər ağır vəziyyətdə olub”.Dəm qazı zəhərlənmələrindən ölüm halı olmadığını bildirən A. Maqsudov deyib ki, zəhərlənmə halları daha çox hamam otağında baş verib.
Şöbə müdirinin sözlərinə görə, yanvarda 11, fevralda isə 8 nəfər dərmanın allergik reaksiyası ilə əlaqədar şöbəyə müraciət edib. Zəhərlənməyə əsas səbəb qrip əleyhinə istifadə edilən antibiotiklər olub.
A.Maqsudov əlavə edib ki, yanvar ayı ərzində 13, fevralda 9 nəfər alkollu içkilərin qəbulu zamanı zəhərləndiyinə görə şöbəyə müraciət edib.