Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yolda əmələ gələn çatlar yağan güclü yağışdan sonra daha da genişlənib.
Qaziler.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yolun Sumqayıt tərəfə olan hissəsində təxminən 5 metrlik məsafədə 10 santimetrlik yeni çat əmələ gəlib. ``Azəryolservis``dən isə bildirilib ki, çatın genişlənməsinə səbəb ərazidə olan süni təpəciklərin suvarılmasıdır.Bakı-Sumqayıt yolunda yeni çatlar əmələ gəlib. Əvvəllər yolun Bakıya doğru hissəsində çatlar var idisə, bu dəfə Sumqayıt istiqamətində də yol çatlayıb. Yağan güclü yağış və avtomobillərin yolda intensiv hərəkəti Bakı-Sumqayıt yolunun üzü Sumqayıta olan hissəsində yaranan çatların genişlənməsinə səbəb olub. Bu isə yolda hərəkət edən avtomobillərə maneə yaradır.
``Azəryolservis`` Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Nəcəflinin sözlərinə görə isə yolda yaranan çat yeni deyil. Çökmənin gündən-günə genişlənməsinə səbəb ərazidə olan süni təpəciklərin vaxtaşırı suvarılmasıdır.
Bu arada, Beynəlxalq Avtovağzal kompleksi yanında çökmə baş verən ərazidə təmir-bərkitmə işləri davam etdirilir. Sürüşmə zolağında bərkitmə işləri tam başa çatdırıldıqdan sonra Bakı-Sumqayıt yolunun hər iki hissəsinin əsaslı təmirinə başlanılacaq.