IDEA müsabiqədə iştiraka dəvət edir

IDEA  müsabiqədə iştiraka dəvət edir backend

28 mart tarixində dünyanın müxtəlif yerlərində yaşayan bir milyarddan artıq insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün Beynəlxalq "Yer saatı 2015" (“Earth Hour 2015”) çərçivəsində bir araya gələcəkdir.

IDEA İctimai Birliyi Beynəlxalq “Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində “Yer saatı 2015” ilə əlaqədar sosial şəbəkə istifadəçilərini yeni video müsabiqədə iştirak etməyə dəvət edir.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, müsabiqə iştirakçılarından ətraf mühit çağırışlarını ifadə edən və qaranlıq şəraitdə çəkilmiş video çarxların “baş qəhrəmanlarını” müəyyən etmək tələb olunur.

Belə ki, 27 mart tarixinə qədər hər həftə 4 məşhur şəxsin iştirak etdiyi video çarxlar IDEA İctimai Birliyinin və “Yer saatı” (“Earth Hour”) kampaniyasının Azərbaycan üzrə rəsmi feysbuk (www.facebook.com/ideacampaign.org və www.facebook.com/earthhouraze) və instaqram (idea_public_union və earthhourazerbaijan) səhifələri vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır. Qeyd edək ki, sözügedən video çarxların mövzusu bu il qeyd olunacaq “Yer saatı” kampaniyasının beynəlxalq şüarına – “İqlim dəyişikliyini dayandır!” (“Stop climate change”) uyğun olaraq hazırlanmışdır.

Sosial şəbəkə istifadəçiləri videodakı çağırışları səsləndirən şəxslərin adlarını həmin video çarxın paylaşıldığı linkin şərh hissəsində yazmaqla, müsabiqəyə qoşula bilər. Düzgün cavabı birinci yazmış iştirakçılara müvafiq xallar (bir düz cavab – bir xal) veriləcəkdir. Hər həftənin sonu müsabiqənin gedişi və iştirakçıları reytinqi barədə IDEA İctimai Birliyinin və “Yer saatı” kampaniyasının sosial şəbəkələrdəki səhifələrində məlumatlar dərc olunacaqdır.

Müsabiqənin sonunda videolar tam formatda təqdim olunmaqla iştirak edən məşhurların adları açıqlanacaq. Ən çox düzgün cavab tapmış sosial şəbəkə istifadəçisi 28 mart tarixində qalib elan ediləcək və IDEA İctimai Birliyi tərəfindən mükafatlandırılacaqdır.

Müsabiqə çərçivəsində təqdim olunacaq video çarxları 12 mart tarixindən etibarən IDEA İctimai Birliyinin və “Yer saatı”nın sosial şəbəkələrdəki səhifələrində izləyə bilərsiniz!
Diaspora