Bir müddət Binə Ticarət Mərkəzində və Moskva Univermağında baş verən etiraz aksiyalarından sonra satıcılara müəyyən güzəştlər edilib. Satıcıların ANS PRESS-ə verdiyi məlumata görə, onların icarə haqlarında 20 – 50% arasında güzəştlər olunub. Binədə satıcı işləyən Səidə Kamilova bildirdi ki, yanvar ayında 80 kvadrat metrlik obyektə 1050 manat icarə haqqı ödəyirdi. “Amma müəyyən narazılıqlardan sonra satıcılar, icarədarlar və rəhbərlik arasında razılıq əldə olundu. Hazırda eyni kvadrat metr obyektə 650 manat pul ödəyirəm”, - deyə satıcı bildirdi.
Digər satıcıların da bazardakı yerində aslı olaraq, icarə haqlarında 100, 200, 300 manat arası endirimlər edilib. Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov ANS PRESS-ə açıqlamasında bildirdi ki, alıcılaq qabiliyyətinin aşağı olması ilə bağlı olaraq yer pullarında müəyyən güzəştlər edilib.“Burada əsasən obyektlərinin yerləşməsi, yəni sırası və korpusu nəzərə alınıb. Ümumilikdə bu tələblər nəzərə alınaraq, icarədarlara 20% güzəşt edilib”, - deyə Fuad Cəfərov bildirdi.
Narazılığın baş verdiyi Moskva Univermağında da satıcılar onlara icarə haqlarında 30 – 50% arasında güzəştlər edildiyini dedilər. “Etiraz baş verdiyi gün bəzi satıcılar öz obyektlərini açmadılar. Biz icarədarlardan narazı idik. Çünki onlar univermaq rəhbərliyindən obyektləri alıb, bizə baha qiymətə icarəyə verirdilər. Amma sonradan satıcılar, icarədarlar və rəhbərlik arasında müəyyən güzəştlərin edilməsi ilə bağlı razılıq əldə olundu”, - deyə satıcı bildirdi.
Ümumilikdə, edilən güzəştlərə baxmayaraq, ticarət mərkəzlərində bəzi obyektlərin bağlı olduğunu müşahidə etdik. Binə Ticarət Mərkəzindəki satıcıların sözlərinə görə, demək olar ki, gündə 3 – 4 mağaza sahibi obyektini bağılayır. Onlar bunu alıcılıq qalibliyyətinin olmaması ilə əlaqələndirdilər.
“Bəzi satıcılar obyektlərini mart ayında açmaq fikrindədir. Çünki indi bazara gələnlər çox azdır. Buna həm də bazara gələn bəzi avtobustarın bağlanması olub. Amma mart ayında bayramlarla və havaların istiləşməsi ilə əlaqədar olaraq, alıcıların sayı artacaq. Bundan sonra biz həm rahatlıqla pul qazanıb, icarə haqlarını da vaxtında ödəyə biləcəyik. Amma hazırda dolların qalxması ilə əlaqədar insanlar bazarlara çox az-az gəlirlər”, - deyə Adil Məmmədov bildirdi.
Bu il yanvarın sonu və fevralın əvvəlində adıçəkilən ticarət mərkəzlərində satıcıların iştirakı ilə etiraz aksiyaları keçirilmişdi. Satıcılar alıcının az, icarə haqının isə çox olduğunu bildirirdilər. Binədə etirazlar əsasən 5/3, 5/4 sıralarında keçirilirdi. Binə Ticarət Mərkəzindəki satıcılar son vaxtlar alverin qaydasında olmamasına baxmayaraq ticarət mərkəzinin rəhbərliyi tərəfindən icarə haqlarında heç bir güzəştin olmamasından şikayətlənirdilər.
Moskva Univermağında da etirazçıların əsas tələbi icarə haqlarının endirilməsi idi. Onlar bildirirdilər ki, devalvasiyadan sonra satış dayandığından yer pulunu verə bilmir. Amma hazırda satıcıların və bazar rəhbərliyinin sözlərindən aydın olur ki, problemlər razılaşmalar əsasında həll edilib. Hazırda satıcıların ən böyük problemi isə alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Bu isə yəqin ki, əhalinin maddi vəziyyətindən asılı olan bir prosesdir.