Deputat Elman Rüstəmovu ittiham etdi

Deputat Elman Rüstəmovu ittiham etdi backend

Fəzail Ağamalı: “Mən başa düşə bilmirəm, o, bu millətin qabağına niyə çıxmır? Ya bu millətin qarşısına çıxmağı özünə sığışdırmır, yaxud da...”

“Manatın devalvasiyası əslində gözlənilən idi. Çünki hələ yanvar ayında keçirilən müşavirədə prezident tezis olaraq bu fikri söyləmişdi və bir müddət sonra biz o tezisin artıq konkret nəticələrini real həyatımızda gördük”.

AVP sədri, deputat Fəzail Ağamalı bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd etdi ki, əslində manatın kursundakı dəyişiklik ölkə prezidentinin, iqtidarın iradəsindən asılı olan məsələ deyildi: “Bu, Azərbaycandan kənarda, ölkə ətrafında gedən ümumdünya və regional proseslərin məntiqinə söykənən bir vəziyyətdir. Biz də həmin vəziyyətin bu və ya digər şəkildə təsirini öz üzərimizdə görməkdəyik. Ancaq təbii ki, yaranmış situasiyadan istifadə edən möhtəkirlər, vicdanını, şərəfini, ləyaqətini pula satan insanlar da var ki, bəli, bunlar vəziyyətdən yararlanaraq varlanmağa cəhd göstərirlər. Bu möhtəkirlərə qarşı, əlbəttə, ciddi mübarizə aparmaq lazımdır”.

Deputat Mərkəzi Bankın rəhbərliyinə ünvanlı tənqidlərini də söylədi: “Mən burada ən çox günahı Mərkəzi Bankın və onun İdarə Heyətinin sədri Elman Rüstəmovda görürəm. O, millətin qarşısına çıxaraq yaranmış situasiyanı xalqın başa düşəcəyi dildə ona anlatmadı. Xarici jurnala müsahibə verir, sonra epizodik olaraq Azərbaycanın hansısa bir media orqanına çox xəsiscəsinə bir məlumat açıqlayır. Mən başa düşə bilmirəm, o, bu millətin qabağına niyə çıxmır? Ya bu millətin qarşısına çıxmağı özünə sığışdırmır, yaxud da bəlkə başqa səbəb var. Elə isə hansı ciddi faktlar var ki, o, çıxaraq bu bankların özbaşınalığına ”dayan", “dur” demir. Bütün bunlar əlbəttə ki, tək məni düşündürmür. Mən etiraf edim ki, Milli Məclisin deputatlarının mütləq əksəriyyətini düşündürən sualdır".

F.Ağamalı hökumətin Milli Məclisdə hesabat günündə bu məsələnin bir daha qaldırılacağını söylədi: “Yəqin ki, hökumətin hesabatında da bütün bunlar açılacaq. Bəli, vaxtilə Milli Bankın rəhbəri kimi Elman Rüstəmovun mühüm xidmətləri olub. Bank sahəsində çox görkəmli mütəxəssisdir. Onun xidmətlərini danmaq olmaz. Lakin indi köhnə xidmətlərinə söykənərək, yaranmış situasiyanın üstündən keçərək, özünü kölgədə qoyaraq, məsuliyyəti özündən kənarlaşdırmağın konkret adı var. Ancaq mən bunu konkretləşdirmək istəməzdim”.

F.Ağamlı güman etmir ki, 17 martda hökumətin Milli Məclisdəki hesabatında gərginlik yarana bilər: “Yox, mən düşünmürəm ki, hökumətin qarşısında ciddi suallar qoyulsun. Çünki hökumətin, icra strukturunun rəhbəri kimi ölkə prezidenti hadisələrin tam içərisindədir və Allaha şükür ki, hələlik ölkədə elə ciddi bir fəsadlar gözlənilmir. Mən ümidvaram ki, bu fəsadlar heç olmayacaq da. Sadəcə olaraq, o möhtəkirlərin qabağını almaq, yaranmış situasiyadan istifadə edib daha çox pul qazanmaq istəyən şəxslərə qarşı çox qətiyyətli mübarizə aparmaq lazımdır”.

Deputat hesab edir ki, hökumətin hesabatında suallar daha çox Mərkəzi Bankın sədrinə ünvanlanacaq: “Yəqin ki, bu suallar kifayət qədər düşündürücü olacaq”. Bununla belə, F.Ağamalı Azərbaycandakı vəziyyəti kritik saymır: “Mən Azərbaycandakı vəziyyəti Rusiya ilə heç cür müqayisə etmirəm və düşünmürəm ki, Azərbaycan o cür ağır duruma düşə bilər. Qətiyyən! Azərbaycanda kifayət qədər resurslar var və həmin resursların özünün hərəkətə gətirilməsi ilə ölkədə sosial-iqtisadi durumu hətta bir az daha ciddi fəsadlar xaricdən gələrsə belə, böhran Azərbaycan ətrafında daha da dərinləşərsə, yenə də Azərbaycan özünü ehtiyatından və potensialından bir neçə il ərzində sığortalaya bilər.

Bu mənada Azərbaycanda ciddi sosial-iqtisadi kataklizmlər yaşanmayacaq, mən buna tamamilə əminəm. Sadəcə olaraq, müəyyən səlahiyyətli şəxslər, hökumətin ayrı-ayrı üzvləri, ayrı-ayrı ekspertlər bununla bağlı media vasitəsilə izahatlar verməlidirlər ki, xalqımız sabaha olan inamını, ümidini bu və ya digər şəkildə itirməsin. Mən isə çox inamlıyam ki, Azərbaycan nə indi, nə yaxın gələcəkdə, nə də müəyyən zaman kəsiyində ciddi problemlərlə üzləşməyəcəyik. Ona da inanıram ki, bu vəziyyət uzun müddət davam edə bilməz”.

Yenu Müsavat
Cavid TURAN
Diaspora