Universitetlərin hazırladığı kadrlar arasında təhsil səviyyəsi baxımından elə bir nəzərçarpan fərq olmur. Axar.az xəbər verir ki, bu sözləri XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev ANS-ə açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, eyni ixtisaslar olan ali məktəblər rasionallaşmasına ehtiyac var:“Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsinə ehtiyac var. Hansı ali məktəbin kadr hazırlığı yüksək səviyyədədirsə, bunlar analiz olunmalı və onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində iş görülməlidir. Bəzi universitetlərdə təkrar ixtisaslar tədris olunur. Əgər rəqabət mühiti yaradılarsa, ali təhsil müəssisələrinin birləşdirilməsinə ehtiyac qalmaz. Ümumilikdə universitetlərin hazırladığı kadrlar arasında təhsil səviyyəsi baxımından elə bir nəzərçarpan fərq olmur”.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə universitetlərin birləşdirilməsi məsələsinin müzakirə olunmadığını deyib.
Xatırladaq ki, Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı qərar verib. 14 kollec birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.
Ekspertlərin fikrincə, kolleclərin birləşdirilməsi Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsi məsələsini gündəmə gətirir. Nəzərə almaq lazımdır ki, bir çox ali təhsil müəssisələrində bir-birini təkrarlayan fakültələrin və ixtisasların tədris edilməsi onların bəzilərinin birləşə biləcəyini mümkün edir. Hazırda Azərbaycanda 53 filial da daxil olmaqla dövlət və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Amma bu təhsil ocaqlarında bir-birini təkrar edən, eyni istiqamətli fakültələrin sayı həddindən artıq çoxdur.